TƏKLİF: “İcra hakimiyyəti yerini kollegial qurumlara verməlidir”

“Bələdiyyələrə səlahiyyətlərin verilməsi və şəhər meri seçkiləri günün  tələbidir”


“Son 5 ayda korrupsiya və rüşvətə bulaşmış 4 icra başçısının həbsi ölkədə ciddi dəyişikliklərin başlanğıcına işarədir”.
Bunu “Sherg.az”a açıqlamasında Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib. 
Partiya təmsilçisi bəyan edib ki, Prezidentin davamlı olaraq məmurları və səlahiyyətli vəzifəliləri düzgün işləməyə çağırması problemin mövcudluğunun ciddiliyindən xəbər verir: 

“Bu bəla cəmiyyətdə kifayət qədər kök salıb və onunla mübarizə üçün ictimaiyyətə müraciət etmək vacibliyi yaranıb. Bundan sonra mübarizənin ikinci fazasına keçid etmək lazım gələcək. Dövlət başçısı çıxışlarında daha çox ictimai nəzarətin gücləndirilməsindən danışır. Bu işdə ilk növbədə ictimaiyyət aktivlik göstərməlidir. Ortada dövlət başçısının iradəsi və dəstəyi var. Korrupsiya və rüşvətə meyilli insanlar ifşa olunmalıdır. Bəzi məmurlar öz əməllərini davam etdirmək niyyətlərini gizlətmirlər. Belə olmasaydı, son həbslərdən nəticə çıxardardılar. Bəzi icra başçıları şəhər və rayonlarda özlərini “kiçik padşah” kimi aparırlar. Vəzifəyə təyinat aldıqdan sonra bu cür şəxslərin danışıq tərzində belə  amirlik elementləri yaranır. Sanki, gözəgörünməz bir qüvvənin əlində alətdirlər və rüşvət almaq “vəzifə”lərini heç nəyi gözə almadan davam etdirməlidirlər. Vəziyyət o həddə çatıb ki, onlar dövlət başçısının tələblərinə baxmayaraq öz çirkin əməllərindən əl çəkmirlər. Belələri çox ciddi şəkildə cəzalandırılmalıdır”. 



Analitik vurğulayıb ki, Prezident hər il humanist addımlar ataraq bir çox insanı əfv edir və ya cəzalarının bir hissəsini bağışlayır: 

“Mən belə adamları cinayət törətmiş canilərlə eyni tuturam. Gələcəkdə bu sayaq adamların əfv olunmaması lazımdır ki, 3-5 il yatıb oğurladıqları milyonlara sahib olacaqlarını düşünməsinlər. Bundan başqa idarəetmədə dəyişikliyin olması da vacibdir. İcra hakimiyyəti idarəçilik sistemi yerini kollegial qurumlara verməlidir. Bələdiyyələrə səlahiyyətlərin verilməsi və şəhər meri seçkiləri günün  tələbidir. Həmçinin, dövlət idarəçiliyində ictimai nəzarətin güclənməsi siyasi partiyaların parlamentdə təmsilçiliyinin sayının artırılmasından keçir. Ona görə də proporsional seçki sisteminə keçid barədə düşünmək olar. Yaxın gələcəkdə Azərbaycanı parlamentli ölkə kimi görürəm”.