"Bəzi icra başçıları o qədər alçalıblar ki, yardıma göz dikirlər” 

“Yoxsul adamın adına göndərilmiş ərzaq payını oğurlayıb öz qohumlarına göndərmək əclaflığın ən pik həddidir”



“Normal halda bir icra başçısı həbsə girəndən sonra digər məmurlar korrupsiyadan uzaq durmalı idilər”. 
Bunu “Sherg.az”a açıqlamasında siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib. 
Professorun sözlərinə görə, əgər hansısa icra hakimiyyətinin nümayəndələri qanunsuz əməl törədir və rüşvət alırsa, həmin rayonun icra başçısı istefa verməlidir: 



“Təəssüf ki, bizdə istefa mədəniyyəti formalaşmayıb. İcra başçıları kreslodan beşəlli yapışıblar. Kimi gəldi icra başçısı kimi Prezidentə təqdim etmək olmaz. Çoxları özünü “mələk” kimi təqdim etsə də, dövlət başçısının etimadını doğrultmurlar.

Ona görə də hansı icra başçısı həbs olunursa, onu Prezidentə “yaxşı kadr” kimi təqdim edənlər də cəzalandırılmalıdır. Nəzərə alaq ki, bizdə hələ tayfabazlıq psixologiyası çox güclüdür. Nə qədər ki, vəzifəyə gələnlər öz qohum-tanışlarını həmin quruma dolduracaqlar, neqativ hallarda xilas olmayacağıq.

Görün, icra başçıları nə qədər alçalıblar ki, Heydər Əliyev Fondunun kimsəsiz, kasıb insanlar üçün göndərdiyi yardımlara belə göz dikirlər. Yoxsul adamın adına göndərilmiş ərzaq payını oğurlayıb öz qohumlarına göndərmək əclaflığın ən pik həddidir.

İcra başçıları sağalmaz xəstəliyə - rüşvət və pul yığmaq xəstəliyinə yoluxublar. Bu xəstəlik koronavirusdan daha təhlükəlidir. Çünki koronavirus sağalır, amma rüşvət xəstəliyi sağalmır. Hesab edirəm ki, bu cür problemlərdən qurtulmaq üçün tezliklə Türkiyədəki bələdiyyəçilik sisteminə keçid etmək lazımdır”.