Qandonduran olaya SƏRT münasibət: “Yeni doğulan körpənin küçəyə atılması... “ – MARAZM

“...Birbaşa qəsdən adam öldürmə hesab oluna bilər”

“Övladını atan valideynlərə qarşı sərt addımlar atılmalı və bu, ictimaiyyətə açıqlanmalıdır ki, digər insanlar nəticə çıxarsın"



Lənkəran rayonun Liman şəhərində yol kənarında yeni doğulmuş körpə aşkar edilib.  Körpəni 1972-ci il təvəllüdlü Camal Mustafa oğlu Kazımov tapıb. Uşağı öz evinə  gətirən C. Kazımov yuduqdan sonra Daxili İşlər Nazirliyinin “102” zəng xidmətinə məlumat verib. Bundan sonra, körpə polis əməkdaşlarının iştirakı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə təhvil verilib.

Xəstəxanadan körpənin təxminən bir həftəlik qız uşağı olduğu bildirilir. Həkimin sözlərinə görə, körpənin vizual müayinəsi aparılıb, vəziyyəti orta ağırdır.
Xəstəxanaya daxil olanda temperaturu aşağı olub, bu səbəbdən də küvezə yerləşdirilib. Daha sonra isə temperaturu normallaşan uşağa qida verilib. Hazırda körpənin səhhəti həkimlərin tam nəzarətdədir. İlkin müayinələr zamanı körpədə hər hansı bir travma aşkar edilməyib. Faktla bağlı araşdırmalar aparılır. 

Heç şübhəsiz ki, yeni doğulan bir körpənin yol kənarına atılması insani dəyərlərə sığmır. Burada söhbət tək uşağın həyatından getmir. Bu, mənəviyyatsızlıqdan irəli gələn haldır.



Vəkil İradə Cavadovanın sözlərinə görə, bir neçə günlük uşağın küçəyə atılması onun ölümün caynağına verilməsidir. Bu da birbaşa qəsdən adam öldürmə hesab oluna bilər:

“Bəlkə də, doğumdan sonra həmin körpəni öldürmürlər, işgəncə vermirlər, amma küçəyə atılan uşağın orada ölüb-ölməyəcəyini də əvvəlcədən bilmək olmaz. Körpəni kiminsə qapısına qoyub qaçarkən müəyyən mənada onun götürülüb, polisə və ya hansısa internat evlərinə veriləcəyini düşünmək olar. Amma uşağı küçəyə atmaqdan ancaq ürək ağrısı ilə danışmaq olar. Hesab edirəm ki, normal psixologiyada olan heç bir ana öz uşağını lazımsız bir əşya kimi zibilxanaya atmaz. Bu cür insanlar psixi xəstələrdir”.

Qanunvericilikdə uşaqlarını küçəyə atan valideynlərin cinayət məsuliyyətinə cəlb olunduğunu deyən İ.Cavadovanın sözlərinə görə, övladını küçəyə atan insanlar hüquq-mühafizə orqanları tərəfindən saxlanılarsa, onlar 3 ilədək inzibati azadlıqdan məhrumetmə ilə cəzalandırılır:

 "Praktikada bu maddə ilə cəzalanan ailələrin olub-olmadığını dəqiq deyə bilmərəm. Bu, hüquq-mühafizə orqanlarının işidir. Ancaq düşünürəm ki, övladını atan valideynlərə qarşı sərt addımlar atılmalı və bu, ictimaiyyətə açıqlanmalıdır ki, digər insanlar nəticə çıxarsın".