Dərslərimiz qaldı - "İndi getməyin vaxtı deyildi axı, Tofiq müəllim"


 Nə qədər istəsək də koronavirus “tətilləri” qurtarmaq bilmir. Günlərsə bir təhər keçir. “Bir təhər” deyəndə ki, əslində minnəti olsun. Bəzi günlərdə bizim hamımızı kədərə boğur, bütöv bir millətin matəm saxlamasına səbəb olur. 

  Düzdür, onsuz da, az qala, hər gün ölüm xəbərləri eşidirdik. Amma millət fədailərinin, ziyalıların vəfat xəbərlərini eşitmək həmişə daha ağır olur. Çünki onlar bütün ömürləri boyu özləri üçün yox, başqalarından ötrü çalışır, yaşayırlar. Belələrindən biri də BDU-nun Filologiya fakültəsinin professoru, Müasir Azərbaycan ədəbiyyatı kafedrasının müdiri,  filologiya elmləri doktoru Tofiq Hüseynov idi. 1938-ci ildə Ağstafa rayonunda anadan olan Tofiq Hüseynov çox keçmir ki, bütün həyatını BDU-ya bağlayır. 1961-ci ildə universitetin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasını bitirən ovaxtkı gənc bir neçə il sonra - bu dəfə əməkdaş kimi ali məktəbə qayıdır. “Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığında tarixilik və “Qan içində” romanı mövzusunda namizədlik (1975), ”Yusif Vəzir Çəmənzəminlinin həyat və yaradıcılığı” mövzusunda doktorluq (1990) dissertasiyasını müdafiə edib. 1976-cı ildən bu günə qədər həmin fakültənin “Müasir Azərbaycan ədəbiyyatı” kafedrasında müxtəlif vəzifələrdə çalışır. Yarım əsrə yaxın müddət ərzində 5 nəfər elmlər namizədi, 5 nəfər dissertant və aspirant yetişdirir. 121 məqalə, 5 monoqrafiya və bədii, elmi kitablarla Azərbaycan ədəbiyyatına öz töhfəsini verir. Sonra da vaxt-vədə yetişir...

Bəzən ölüm haqqında “vaxtsız” təyinini işlədirlər. Məncə, bütün ölümlər vaxtsızdır. Neçə yaşda gözünü yumursan yum, həmişə tamamlamaq istədiyin işlər olur. Kim deyə bilər ki, Tofiq müəllimin vəfatı zamanın tələbi idi? Heç kim. O, hələ yaşamalı və yaşadıqca yaratmalı idi. Fəqət, bir məsələ var ki, gözü çıxmış fələk, vaxta-filana baxmır, onun saatı çoxdan dayanıb. Odur ki, gəlir, istədiyini götürür, gedir. 

  Yəqin pis xəbəri eşidənlər dünəndən bəri bu sözləri tez-tez təkrarlayıblar: “İndi getməyin vaxtı deyildi axı?”. Doğrudan da, madam ki, ədəbiyyat həyatın özüdür, deməli, Tofiq müəllim hələ çox dərslər keçməli idi. 

  Son 24 saatda sosial şəbəkələrdə bir neçə dəfə professorun fotosunu görmüşəm. Çoxları onun müxtəlif vaxtlarda çəkilən fotolarını ictimailəşdirərək başsağlığı verir, xatirələrini bölüşürlər. Müəllimin şəklini ilk dəfə görən kimi xatırladım: Universitetin həyətində bir neçə dəfə qarşılaşmışdıq. Asta-asta gəzər, heç tələsməzdi. Elə bil, hər dəfə addım atdıqca beynində nəyisə götür-qoy edir, fikirləşirdi. Bilmirdin, sevimli yazıçı Y.V.Çəmənzəminlinin məşhur “Qan içində”, “Studentlər”, “Qızlar bulağı” əsərlərindəki epizodları yadına salır, yoxsa növbəti mühazirəsinə hazırlaşır. Ancaq ədəbiyyatla nəfəs aldığı aydın idi. Çünki yalnız ədəbiyyat adamı bu qədər dürüst, pak ola bilərdi. 

  Tələbələrinin dediyinə görə, onun dərsləri də maraqlı, qeyri-adi keçirdi. Azərbaycan ədəbiyyatının ən görkəmli simaları haqqında o qədər həvəslə danışır, dolğun məlumat verərdi ki, bu yaşda, bu hafizəyə heyran qalırdın. “Bəlkə də, müəllim nə vaxtsa onlarla görüşüb”- deyə, qeyri-iradi düşünməli olurdun. 

  Hər dərsə gedib-gələn, tələbələrinə səbrlə mühazirə oxumağı çoxdan həyat tərzinə çevirən pedaqoqlar kimi, o da universitet üçün darıxırdı. Yenidən yetirmələrinin əhatəsində olmağı, sual atəşinə tutulmağı intizarla gözləyirdi. Tələbələri də təkcə əlaçılar yox, dərsə gecikənləri, mühazirələri, seminarları pozanlar da  sevimli müəllimlərinə yenidən qovuşmaq üçün gün sayırdılar. Ancaq olmadı. Qəfil ayrılıq hər iki tərəfin arzusunu ürəyində qoydu.
   Müəllimlərin çox sevdiyi bir söz var. Dərsə gecikən tələbəni auditoriyaya buraxmazdan əvvəl “gələn dəfə vaxtında gəl, yoxsa bağışlamayacam” deyirlər. Görəsən, indiyə kimi heç vaxt (hər halda belə düşünürəm) işə vaxtından  gec gəlməyən professor Tofiq Hüseynovu bundan sonra bağışlayan olacaqmı? Axı o daha əlində portfeli ilə auditoriya qapılarını açıb “salam, uşaqlar” dedikdən sonra  dərsə başlaya bilməyəcək. Bundan sonra universitet otaqlarının heç birində - dekanlıqla, kafedralarda, auditoriyalarda onun səsi eşidilməyəcək. Bir də ki, heç mərhum da bunu istəmirdi axı. Di gəl ki...
 Bəlkə də, bəzi tələbələri hələ acı xəbəri eşitməyiblər. Fəqət əvvəl-axır onlar da məsələdən məlumatlı olacaq və Tofiq Hüseynovun səsi ilə daha heç vaxt “Gəl, dərsi danış” sözlərini eşitməyəcəklərini başa düşəcəklər.

  Təəssüf ki, “ədəbiyyat” sözü bu dəfə hərf səhvi ilə yazıldı - “əbədiyyat”. Və bu kəlmə böyük alimi təkcə tələbələrindən, universitetdən yox, həm də əzizlərindən, bütövlükdə acılı-şirinli fani dünyadan ayırdı. 

  Məşhur filosof Əbu Turxan deyirdi: “Bu dünyada həyat heçliklə varlıq arasında cərəyan edir.

Ölüm bu həyata yekun vurur və kimləri isə heçliyə, kimləri isə varlığa qovuşdurur”. Tofiq müəllim ikincilərdən, yəni varlığa qovuşanlardandır. Buna heç kimin şübhəsi olmasın. Başqa sözlə desək, o, əbədi dünyanı qazanıb -özünün yaratdıqları, qoyub getdikləri ilə. İndi Filologiya fakültəsinin hansı tərəfinə  baxsan, müəllifin hansı kitabını açıb, hansı yetirməsinin üzünə baxsan, orda Tofiq Hüseynovu görəcəksən. Qeyd etdiyimiz kimi, Tofiq müəllim əsl ziyalı idi. Və onun ziyasından (“ziya” “nur” deməkdir”) ətrafında olan hər kəs qazanıb. 

 Bu böyük alimin, ən ali insani dəyərlərə malik insanın taleyini göz önünə gətirən hər kəsin yadına Hüseyn Cavidin məşhur misraları düşə bilər: “Ölüm var ki, həyat qədər dəyərli, həyat var ki, ölümdən də zəhərli”. Bu gün onu sevən hər qəlbində bir Tofiq Hüseynovsuzluq olsa da, təsəlli də var: Tofiq müəllim necə yaşadısa, elə də dünyadan köçdü. Şərəfini, ləyaqətini qoruyaraq...