“Biz artıq söz sahibiyik” – EKSPERT 

“Cənubi Qafqaz regionunda aparıcı ölkə olmağımız Dağlıq Qarabağ probleminin diplomatik yolla həllində də bizə kömək edəcək”



2020-ci ilin 4 may tarixində Azərbaycan Prezidenti və Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda onlayn formatda Zirvə görüşü keçirilib. Görüşə COVID-19-a cavab olaraq Qoşulmama Hərəkatının Təmas Qrupu qatılıb.  Məqsəd  isə COVID-19 pandemiyasının misli görünməmiş təsirləri ilə mübarizədə qlobal səylərə səmərəli töhfə verməkdir. Videokonfransda birgə bəyannəmə qəbul olunub.

Qeyd edək ki, koronavirusla birgə mübarizə məqsədilə keçirilən Zirvə görüşü həm də dünya dövlətləri arasında kommunikasiya yaradıb, körpü rolunu oynayıb. Bu, onu göstərdi ki, Azərbaycana və onun liderinə dünyada böyük inam var. 40-a yaxın ölkənin dövlət və hökumət başçısının, xarici işlər nazirlərinin, BMT Baş Assembleyasının prezidenti, Afrika ittifaqının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun iştirak etdiyi Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə toplantısı ölkəmizə olan etimadın bariz nümunəsidir. 



 Zirvə görüşünün əhəmiyyəti barədə  “Sherg.az”a danışan politoloq Məhəmməd Əsədullazadə düşünür ki, bu, Azərbaycanın beynəlxalq aləmdəki mövqeyindən xəbər verir:

 “Azərbaycanın bu hərəkata üç il sədrlik etməsi onu deməyə əsas verir ki, biz artıq söz sahibiyik. Beynəlxalq qurumlar, o cümlədən ÜST də Azərbaycan haqqında müsbət fikirdədir. Deməli, ölkəmiz yeni dünya nizamında öz yeri ilə seçilir. Xüsusilə Cənubi Qafqaz regionunda aparıcı ölkə olmağımız Dağlıq Qarabağ probleminin diplomatik yolla həllində də bizə kömək edəcək. Ümumiyyətlə, koronavirus pandemiyası zamanı hər kəs Azərbaycanın gücünü gördü . Biz bundan istifadə etməli və siyasi mövqelərimizi daha da gücləndirməliyik”.