“Bakı növbəti dəfə əks qütblərin birləşdiricisi rolunda çıxış etdi” - Politoloq

“Bu amil Prezidentin bir lider kimi yüksək nüfuzundan xəbər verir”

“Azərbaycan beynəlxalq qurumlar qarşısında götürdüyü bütün öhdəliklərə sadiqdir”.



“Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü keçirilməsi onun şəxsinə göstərilən yüksək diqqətin və hörmətin əyani göstəricisidir”

Bunu “Sherg.az” açıqlamasında politoloq Şəbnəm Həsənova deyib. 

Analitik bildirib ki, Qoşulmama Hərəkatı özündə 120 ölkəni birləşdirən BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi platformadır: 

“Məhz bu amilin özü Hərəkatın müasir beynəlxalq münasibətlərin tənzimlənməsi prosesində tutduğu yerindən və rolundan xəbər verir. Dünya dövlətlərinin üçdə ikisini əhatə edən bir təsisatın vacib toplantılarında müzakirəyə çıxarılan məsələlər BMT Baş Assambleyasının gündəliyinin formalaşmasına da ciddi şəkildə təsir edir. Qoşulmama Hərəkatına sədrlik müddətində təşkilatın bütün prinsiplərinə sadiq qalan Azərbaycan qurumun beynəlxalq münasibətlər sistemində rolunun daha da artması, eyni zamanda Azərbaycanla üzv ölkələr arasında ikitərəfli və çoxtərəfli əlaqələrin daha da inkişaf etdirilməsi, milli maraqlarının təmin olunması istiqamətində ciddi addımlar atır. Bu amilin özü də BMT-dən sonra dünyanın ən böyük ikinci beynəlxalq təşkilatına sədrlik edən Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsinə xidmət edir. Qoşulmama Hərəkatının sədri kimi cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilməsi Azərbaycanın həm regional, həm də dünya miqyasında artan rolunun və bilavasitə, cənab Prezident İlham Əliyevin şəxsinə göstərilən yüksək diqqətin və hörmətin bariz nümunəsidir”.

Siyasi şərhçi bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edən ölkə kimi, hərəkatın 1996-cı ildə qəbul olunmuş Metodologiyalar üzrə Kartaxena sənədindən çıxış edərək koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun yaradılması və bu formatda Zirvə görüşünün keçirilməsi təşəbbüsünü irəli sürüb: 

“Zirvə görüşündə Qoşulmama Hərəkatının sədri kimi Prezident cənab İlham Əliyev bu faktı bir daha vurğuladı. Qoşulmama Hərəkatının bütün üzv dövlətləri də bu təşəbbüsü yekdilliklə dəstəkləyiblər. Bu amilin özü də cənab Prezidentin bir lider kimi beynəlxalq münasibətlərdə sistemində olan yüksək nüfuzundan xəbər verir. Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak prinsipi əsasında bütün regional qruplardan olan ölkələr təmsil olundu. 2019-cu il oktyabrın 25-26-da Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə görüşü zamanı təşkilata sədrlik Azərbaycana ötürüldü. Zirvə görüşündə qəbul olunan Bakı Bəyannaməsi və Bakı Yekun Sənədində beynəlxalq hüququn prinsipləri öz əksini tapdı. Beləliklə də 120 üzv dövlətin yekdil dəstəyi ilə Azərbaycanın üç il ərzində Qoşulmama Hərəkatına sədrlik edəcəyi elan olundu. Sədrliyi öz üzərinə götürən ölkə başçımız bəyan etdi ki, Azərbaycan beynəlxalq aləmdə üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün konkret addımlar atacaq, eyni zamanda həmrəyliyin gücləndirilməsi işini əsas prinsip tutacaq. Heç çəkinmədən deyə bilərik ki, bu gün əldə edilən nəticə bir daha sübut edir ki, Azərbaycan beynəlxalq qurumlar qarşısında götürdüyü bütün öhdəliklərə sadiqdir. Zirvə görüşü çərçivəsində cənab İlham Əliyev Azərbaycanda COVİD-19 infeksiyasının qarşısının alınması istiqamətində operativ və zəruri addımlar atdı və bu təcrübəni də dünya dövlətləri ilə bölüşməyə hazır olduğunu bəyan etdi. Cənab Prezident diqqətə çatdırdı ki, hətta bu çətin günlərdə belə Azərbaycan dövləti üçün ən prioriet məsələ insanların sağlamlığının və onların sosial müdafiəsinin gücləndirilməsi oldu”.

Ş.Həsənova vurğulayıb ki, Azərbaycan Qoşulmama Hərəkatında sədrliyinə dair əhatəli Tədbirlər Planı hazırlayıb və praktiki fəaliyyətə başlayıb: 

“Koronavirus pandemiyası dünyada alışılmış vəziyyəti tamamilə dəyişib və nəticədə yeni reallıqlar meydana çıxıb. Azərbaycan yeni vəziyyətə çevik və adekvat cavab verən ilk dünya dövlətlərindən oldu. Azərbaycanın təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının koronavirusa qarşı Təmas Qrupunun Zirvə görüşü də bunu göstərir. Bu gün COVID-19 qlobal pandemiyası dünya dövlətlərinin siyasətlərinin prioritet istiqamətlərinə mənfi təsir edir. Belə ki, dünya dövlətlərinin heç biri buna hazır deyildi. Cənab Prezidentin də vurğuladığı kimi yalnız qarşılıqlı dəstək, özünə qapanmama və birgə səylərlə COVID-19-a qalib gələ bilərik. Yalnız bu halda bəşəriyyət bu bəladan canını qurtara bilər. 
Azərbaycan tərəfinin müraciəti əsasında Ümumdünya Səhiyyə Təşkilatının aparıcı mütəxəssislərindən ibarət heyətinin mart ayında ölkəmizə səfər edərək vəziyyətlə tanış olduqdan sonra Azərbaycanın mövcud bəlaya qarşı həyata keçirdiyi tədbirlər planını təqdir etməsi hər bir vəziyyətdə Azərbaycanın dünya siyasi arenasındakı çağırışlara yaxından töhfə verdiyini sübut etmiş olur. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun istər Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünə qatılması, istərsə də ilə aprelin 10-da Cənab Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə COVID-19-a qarşı keçirilən və sədri olduğumuz Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2-ci Zirvə görüşünə qatılması qurumun Azərbaycana olan müsbət münasibətindən xəbər verir. BMT Baş Assambleyasının sədrinin, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun və Afrika İttifaqının Komissiyasının sədrinin Zirvə görüşünə qatılması görüşün əhəmiyyətini artıran faktlar sırasında yer alır”. 

Ekspert bəyan edib ki, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru tərəfindən martın 23-də cənab Prezidentə ünvanlanmış məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilib: 

“Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilib. Cənab Prezidentin şəxsi nəzarəti altında Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, ölkəmizdə keçirilməsi planlaşdırılan kütləvi tədbirlərin təxirə salınması və ya ləğv edilməsi, mart ayının 3-dən etibarən ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesinin tədricən dayandırılması, martın 14-dən etibarən bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejimin və martın 24-dən isə xüsusi karantin rejimi tətbiq edilməsi işlərinin görülməsi Azərbaycanın dünyanın dərdinə şərik olduğunu, bir ölkə kimi özünü beynəlxalq münasibətlər sisteminin layiqli üzvü kimi sübut etdiyinin əyani göstəricisidir. Həyata keçirilən bütün tədbirlər nəticəsində kütləvi yoluxma hallarının qarşısı alınmışdır. Son üç həftə ərzində ölkəmizdə xəstəliyə yoluxanların sayı ilə sağalanların sayı arasındakı dinamika müsbətdir ki, bu amil də birbaşa ölkə başçımızın siyasi iradəsi sayəsində mümkün olub. Eyni zamanda Zirvə görüşündə BMT Baş Assambleyasının 74-cü sessiyasının prezidenti Ticani Məhəmməd-Bande, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru cənab Tedros Adhanom Qebreyesus, Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat və təşkilata üzv olan bir çox ölkələrin dövlət və hökumət başçıları çıxış edərək koronavirus pandemiyası ilə mübarizə yolları haqqında fikirlərini bölüşdülər, bu mübarizədə əməkdaşlığın əhəmiyyətini vurğuladılar. Bütün çıxışlarda Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsləri yüksək qiymətləndirildi ki, belə çətin şəraitdə də bu Azərbaycan üçün böyük fəxr oldu. Bütövlükdə, coğrafi təmsilçilik prinsipi əsasında Avropa, Asiya, Afrika və Latın Amerikasında yerləşən ölkələrin iştirakı ilə Təmas Qrupu formatında keçirilən Zirvə görüşü bir daha onu sübut etdi ki, Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər həyata keçirir, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə özünün mühüm töhfəsini verir. Xüsusi bir məqam ondan ibarətdir ki, məhz Azərbaycanın sədrliyi dövründə hərəkatın tarixində bir ilkə də imza atıldı. Belə ki, Qoşulmama Hərəkatı ilə əks qütblərdə yer alan Avropa İttifaqının rəsmisinin zirvə görüşündə iştirakı və çıxışı baş tutdu. Beləliklə də nəinki normal dünya düzənində, hətta qlobal pandemiyanın yaratdığı mürəkkəb tarixi şəraitdə, dünya ölkələrinin öz sərhədləri daxilində mürəkkəb çağırışlarla rastlaşdığı bir zaman kəsiyində Bakı növbəti dəfə əks qütblərin birləşdiricisi rolunda çıxış etdi”.