“Kadr islahatları peşəkarlıq və şəffaflığın təminatıdır” - Baş redaktor 

“Bu addımlar ölkənin dayanıqlı inkişafı üçün yüksək ixtisaslı mütəxəssislərin cəlb olunmasına xidmət edir”



 “Dünyanı bürüyən pandemiyaya qarşı mübarizə tədbirləri ilk olaraq vətəndaş-dövlət birliyinin, həmrəyliyinin zəruriliyi məsələsini aktuallaşdırdı. Cənab Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışına uyğun olaraq ayrı-ayrı dövlət qurumları, idarə və müəssisələr, sahibkarlar, sadə iş adamları öz birliklərini əməli fəaliyyətləri ilə təsdiqləməyə səy göstərdilər. 

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Sherg.az”a açıqlamasında bildirib.

Baş redaktor qeyd edib ki, dövlətin həyata keçirdiyi siyasətin əsasında vətəndaş amili dayanır. Onların sağlamlığının təminatı, sosial müdafiəsinin gücləndirilməsi, təhlükəsiz şəraitdə yaşamaları prioritetdir:

“Koronavirus pandemiyasına qarşı Azərbaycan dövləti qəti tədbirlər həyata keçirir. Tədbirlərə başlandığı gündən indiyədək atılan addımların xronologiyasına diqqət yetirsək görərik ki, məqsəd insanların sağlamlığını təmin etmək, bu bəladan minimum itkilərlə çıxmaqdır. Amma təəssüf ki, belə çətin günlərdə öz maraqlarını düşünən, dövlət strukturlarında çalışıb, dövlətçiliyə, xalqa xəyanət edən bir sıra insanlar da var. Dövlətimizin sosial dəstək tədbirlərindən şəxsi mənafeləri üçün bəhrələnməyin təbii ki, bir adı var – vicdansızlıq və xəyanət. Cənab İlham Əliyevin Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən əsas diqqət göstərdiyi məsələlərdən biri məhz bu oldu”.



Baş redaktor vurğulayıb ki, mənfi mənzərə ilə üzləşəndə dövlətimiz daim ciddi tədbirlər görür, günahkar məmurlar cəzalandırılır: 

“Cənab Prezidentin son zamanlar yeni təyin olunmuş icra başçıları, həmçinin digər strukturların rəhbərləri ilə görüşlərində verilən tapşırıqlara diqqət yetirmək kifayətdir. Təbii ki, dövlətçilik maraqlarının qorunmasında vətəndaşlıq təəssübkeşliyi əsasdır. Dövlətini, xalqını düşünən, ən əsası dövlət idarəçiliyində irəli çəkilmənin, tutduğu vəzifənin məsuliyyətini dərk edən kəs öz cibinə yox ona göstərilən etimadı doğrultmağa çalışacaq. Şübhəsiz, bu gün icra orqanlarında vəzifəsindən sui-istifadə edərək rüşvətxorluğa, korrupsiyaya bulaşmış məmurlarla yanaşı, öz işini yüksək səviyyədə, vicdanla yerinə yetirən, müstəqil Azərbaycan dövlətinin daha da möhkəmlənməsinə, qüdrətlənməsinə, ölkəmizin unikal inkişaf modelinin dünyada tanınmasına töhfə verməyə çalışanlar da var. Onların fəaliyyəti daim dövlətimiz tərəfindən yüksək dəyərləndirilib və bu gün də dəyərləndirilir” .

V.Rəhimzadə bildirib ki, dövlətimiz şəffaflığın təminatı, korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi üçün biri-birindən əhəmiyyətli addımlar atır:

“Təkcə yerli icra orqanlarında deyil, mərkəzi icra orqanlarında da belə hallarla bağlı siqnallar var və onlar araşdırılır. Vəzifəyə təyin olunmaq üçün insanlardan bəzi hallarda rüşvət tələb edilir. Bu gün həyata keçirilən kadr islahatları məhz peşəkarlığın təminatına, eyni zamanda, ölkənin dayanıqlı inkişafı üçün yüksək ixtisaslı mütəxəssislərin cəlb olunmasına xidmət edir”.

V.Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisini təyin etməsi də ölkəmizdə korrupsiyaya qarşı aparılan ciddi mübarizənin təzahürüdür:

“Ölkə başçısı videoformat qəbulda bu inamı ifadə etmişdir ki, iş təcrübəniz və peşəkarlığınız imkan verəcək ki, mənim bu göstərişlərimin icrası təmin edilsin. Prokurorluq orqanlarının işçiləri bundan sonra da vətənə ləyaqətlə xidmət etsinlər. Bütün hüquq mühafizə orqanları elə çalışsınlar ki, həm vətəndaşlar, ictimaiyyət onların işindən razı olsun, eyni zamanda, dövlətin maraqları və qanunun aliliyi təmin edilsin”.

Baş redaktor qeyd edib ki, islahatlar prosesinin bütün sahələri əhatə etməsi ölkəmizin hərtərəfli inkişafının prioritetliyini təsdiqləyir: 

“Hakimiyyətin hər üç qolunda - icra, qanunvericilik və məhkəmə-hüquq sistemində həyata keçirilən təkmil islahatlar da deyilənlərin təsdiqidir. Mühüm addımlardan biri ölkədə icra hakimiyyəti ilə qanunverici hakimiyyət arasında körpünün yaradılmasıdır. Bu əlaqələndirməni isə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi həyata keçirir. Hər bir yenilik, təkmilləşmə inkişafın dayanıqlığına təminatdır. Siyasi partiyalarla qanunvericilik hakimiyyəti arasında əlaqələrin birliyinin formalaşdırılması aparılan təkmil siyasi islahatların göstəricisidir. Prezident İlham Əliyev Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən bu məsələyə xüsusi diqqət yönəldərək belə bir əminliyi ifadə etdi ki, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması işində önəmli addımlar davam etdirələcək”.