Məmurların qapısı döyülür ! - Ömürlük “taxt” saydıqları kresloları silkələnir !

Dilavər Əzimli: “İndi nə feodal var, nə də qul. Feodallıq həvəsinə düşən icra başçılarına qarşı ağır cəza tədbirləri görülməlidir”


Hökumətin korrupsiya ilə mübarizə kampaniyası çərçivəsində müxtəlif rayonların icra başçıları həbs edilir, vəzifələrindən kənarlaşdırılırlar.  Ancaq, görünür, bu, onlara dərs olmur. Bəzi icra başçıları yerli sakinlərin mal-mülkünü ələ keçirməyi, onları istismar etməyi özlərinə vəzifə seçdikləri üçün nəinki qəzet oxuyur, televizora baxır, heç ətrafda nə baş verdiyini öyrənmək üçün sağa-sola da boylanmırlar. İslahatlar isə davam edir-qapılar döyülür, məmurların ömürlük “taxt” hesab etdikləri kresloları silkələnir...Prezidentin tapşırıqlarına əməl etməyən, vətəndaşlıq mövqeyinə, vicdanına sadiq qalmayan icra başçıları bir-bir “təmizlənirlər”. 

 Bu gün də İmişli rayonunun icra başçısı həbs olunub. Deməli, bir rayonun da əhalisi artıq rahat nəfəs ala biləcək. 

 Baş verən bu proseslərlə bağlı “Sherg.az”a fikirlərini bildirən tarixçi-alim Dilavər Əzimli belələrinin ən ağır cəzaya layiq olduğunu düşünür: 

“İslahatlar davam etməli, köklü kadr dəyişiklikləri aparılmalıdır. Çünki icra başçılarının bir çoxu özlərini rayonun hakimi kimi aparırlar. Halbuki feodalizm dövrü çoxdan bitib. İndi nə feodal var, nə də qul. Odur ki, feodallıq həvəsinə düşən icra başçıları vəzifələrindən kənarlaşdırılmalıdırlar. Onlar haqqında ən ağır cəza tədbirləri həyata keçirilməlidir”. 

D.Əzimli, həmçinin bildirdi ki, icra başçıları rayon idarəçiliyində heç də bütün səlahiyyətlərə malik deyillər:

“Həmin icra başçıları hakimlərin də işinə qarışır, onlara hüququ öyrətməyə çalışırlar. Məhkəmə hakimiyyəti öz işində müstəqil olmalı, ədaləti qorumalıdır. İcra başçısının tapşırığı ilə hərəkət etmək ədalət deyil. Bu məsələ Milli Məclisdə də müzakirə olundu. Deputatların dedikləri kimi, bizim savadlı, ədalətli hakimlərimiz çoxdur. Amma icra başçıları onların müstəqilliklərini əllərindən alırlar. İkinci bir tərəfdən isə icra başçıları bələdiyyələrin də səlahiyyətlərini mənimsəyirlər. Bu, düzgün deyil. Hərənin özü işi var və hərə ona həvalə edilən vəzifə ilə məşğul olmalıdır”. 



Tarixçi-alim icra başçılarını “buxovlamaq” üçün təkliflər də verdi:

“Əvvəla, icra başçılarını həmin vəzifələrə məsləhət bilən şəxslər də məsuliyyət daşımalıdırlar. Bilmək lazımdır ki, daha tanışlıq, rüşvət məsələsi bitib. Ya ancaq xalqın rifahını düşünərək vicdanlı çalışmalı, ya da məsuliyyətsiz addımının cəzasını çəkməlisən. Həm də yüksək vəzifəyə təyin olunan məmurlar dərindən yoxlanılmalı, hətta psixoloji testdən keçirilməlidirlər. Bu, vacib məsələdir. Dünya təcrübəsində artıq istifadə olunur. Psixoloji pozuntusu olan insanın əlinə necə hansısa səlahiyyət vermək olar? Bu, camaatın taleyi ilə oynamaq deməkdir. İnanıram ki, dövlət başçısının apardığı bu islahatlar uğurlu olacaq və ölkədə yeni idarəçilik sistemi yaranacaq”.