İdarəetmə dəyişir: " “Əli" rüşvətə bulaşan məmurların həbsi davam edəcək!”

“İcra başçılarının həbsi və digər qurumlardakı əməliyyatlar korrupsiyaya qarşı effektli mübarizə kimi qiymətləndirilə bilər”




“İcra hakimiyyəti müasir idarəetmədə effektli deyil. Bu strukturun rəhbərləri Prezidentin etimadını doğrulda bilmir”.
Bunu “Sherg.az”a politoloq Məhəmməd Əsədullazadə deyib. 
Ekspert bildirib ki, dövlət başçısı İlham Əliyevin bəzi icra başçıları haqqında kəskin qeydləri, korrupsiya və rüşvətxorluğun müəyyən strukturlarda olmasını qabarıq şəkildə vurğulaması proseslərin nə qədər ciddi olduğunu göstərir: 

“Ölkə rəhbəri bu cür qanunsuzluqlara qarşı effektli mübarizə aparılacağını xüsusi qeyd edirdi. İcra başçıları yerlərdə Prezidentin birbaşa nümayəndələri sayılır. Əfsuslar olsun ki, bəzi icra başçıları ayrılan vəsaitləri mənimsəyir, dövlətlə xalq arasında uçurum yaradırlar. Məhz bu səbəbdən korrupsiya və rüşvətxorluq faktları ilə həbs edilən icra başçılarının rəhbərlik etdikləri rayonlarda da vəziyyət qənaətbəxş deyil. Ona görə də icra başçılarının həbsi və digər dövlət qurumlarında həyata keçirilən əməliyyatlar korrupsiyaya qarşı effektli mübarizə kimi qiymətləndirilə bilər. Həbslərin davam edəcəyi istisna edilmir və bu həbslər göstərir ki, əvvəlki kimi idarəetmə olmayacaq”. 



M.Əsədullazadənin sözlərinə görə, icra başçılarının həbsi sıradan bir hadisə deyil: 

“Sabiq icra başçıları haqqında da tədbir görülməlidir. Onların vəzifədə olduğu müddətdə dövlət vəsaitlərinin mənimsənilməsi istiqamətində ciddi yoxlamalar aparılmalıdır”.