Etinasız yanaşmaq olmaz! – “Koronavirus var və təhlükəlidir” 

Azərbaycanda karantin qaydalarının yumşaldılması insanları şübhəyə salır: “Bəlkə, koronavirus heç yoxdur?”. Görünür, bu fikirdə olanlar kifayət qədərdir.

Əks halda insanlar zəruri hallar istisna olmaq şərtilə evdən çölə çıxmaz, küçə və prospektlərdə maşınlar bu qədər çox olmazdı. Hərçənd adamlar yenə əvvəlki kimi gəzir, istirahət edirlər, şəhərdə maşın əlindən tərpənmək olmur. 
  
Vəziyyəti “Sherg.az”a şərh edən “Azəri-türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının sözlərinə görə, yanlış təsəvvürlərə qapılmaq olmaz: 

“Bütün dünyanın altını üstünə çevirən xəstəlik necə xülya ola bilər? Bəs nədir ən böyük beynəlxalq təşkilatlara, nəhəng dövlətlərə, milyonlarca insana gün verib işıq verməyən? Dünyada baş verənləri görməzdən gəlmək olmaz. Allah eləməmiş, ikinci dalğa gəlsə, vaxtından əvvəl sevinməyimizə görə peşimanlıq keçirə bilərik”. 

T.Rüstəmxanlı Azərbaycan hökumətinin gördüyü tədbirlərdən də söz açdı:

“Düzdür, ölkəmizdə pendemiya, demək olar, hiss edilmir. Yoluxanlar, ölənlərin sayı dünya ölkələrinə nisbətən dəfələrlə azdır. Bu, dövlətimizin verdiyi düzgün qərarların, atdığı çevik addımların nəticəsidir. Amma etinasız davranmaqla özümüzü riskə atmaq düzgün deyil. Hər halda koronavirus var və çox təhlükəlidir”.