Dərmandan zəhərlənmələr artır ! – Keyfiyyətsizlik, yoxsa özünəqəsd ? 

"Bəzən insanlar ovucla dərmanları atırlar və özlərinə qəsd edirlər”

“Bu zaman da zəhərlənməyə məruz qalırlar. Amma ölkəmizdə kütləvi halda dərman zəhərlənməsi yoxdur”



Son 10 gün ərzində dörd nəfər dərman zəhərlənməsi ilə bağlı müraciət edib. Bu barədə Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov məlumat verib.
O bildirib ki, son 10 gün ərzində metil spirtindən zəhərlənmə ilə bağlı xəstəxanaya müraciət daxil olmayıb:

“Son 10 gün ərzində xəstəxananın Toksikologiya şöbəsinə sirkə turşusu ilə zəhərlənən iki nəfər, müxtəlif dərman zəhərlənmələri ilə dörd nəfər, dəm qazından zəhərlənmə ilə isə iki nəfər müraciət edib. Onların müalicəsi xəstəxanada davam etdirilir”. 

Dərmandan zəhərlənmələrlə bağlı dəfələrlə mətbuatda yazılsa da, belə halların ardı-arası kəsilmək bilmir. Bəzi zəhərlənmələr ehtiyatsızlıqdan, bəziləri isə canına qıymaq istəyənlərin qəsdlə dərman qəbulu zamanı baş verir. Bəs, dərman preparatlarının keyfiyyətsiz olmasını zəhərlənməyə səbəb olan amil kimi qeyd edə bilərikmi?

Sualımızı cavablandıran həkim-allerqoloq Şahvələd Məmmədov "Sherg.az"a bildirdi ki, dərman zəhərlənmələri iki xarakterli olur:

"Biri özünə qəsd etmə məqsədi ilə olan zəhərlənmələrdir. Xəstə müəyyən miqdarda tabletkaları qəbul edir və əks təsir olaraq zəhərlənmə qeydə alınır. Bazarda kifayət qədər dərman var. Bu dərmanların hamısı Səhiyyə Nazirliyinin analizator şöbəsində analizlərdən keçir və satışa buraxılır. Dərman allergiyası və zəhərlənməsi ayrı-ayrı anlayışlardır. Məsələn, hansısa dərman keyfiyyətsizdir və yaxud qablaşdırması standarta uyğun deyilsə, müəyyən problemlər yaranır. Əslində Azərbaycanda belə bir hal yoxdur. Dərmanların hamısı nazirlik tərəfindən sertifikatlaşdırılır və analiz olunur, daha sonra isə bazara buraxılır. 

Ona görə də hazırda zəhərlənmələr keyfiyyətsiz dərmanların dövriyyədə olduğunu göstərmir. Ən çox zəhərlənmələr suitik məqsədli zəhərlənmələrdir. XXI əsrin bəlası olan stress və sosial iqtisadi problemlərlə bağlı insanlar gərginlik keçirirlər. Həmin insanlar ovucla dərmanları atırlar və özlərinə qəsd edirlər. Bu zaman da zəhərlənməyə məruz qalırlar. Amma ölkəmizdə kütləvi halda dərman zəhərlənməsi yoxdur”.