“Birdən-birə iki bankı bağlamaq düzgün deyil” – Ekspert narazıdır

“Təkcə əmanətçilər yox, bank işçiləri üçün də problemlər yaranacaq”


Azərbaycanda  koronavirus pandemiyası ilə mübarizə zamanında əhalini çətin sınaq qarşısında qoyan daha bir neçə məqam var. Onlardan ən başlıcası da bankların bağlanmasıdır. Artıq “Atabank”ın və “Əmrahbank”ın lisenziyaları ləğv olunub. Bu, əmanətçilər, eləcə də bank əməkdaşları üçün gözlənilməz idi. Bir tərəf batan əmanətlərinin, digəri isə işinin, çörəkpulunun dərdini çəkir. Amma, deyəsən, Mərkəzi Bankın əlindəki “qılınc”ı hələ də yerə qoymaq fikri yoxdur…

 

Koronavirus qədər müzakirə olunan bank məsələləri haqqında  “Sherg.az”a danışan iqtisadçı-ekspert Nazim Bəydəmirlinin fikrincə, başqa addımlar da atmaq olardı: 

“Alternativ həmişə var. Birdən-birə bu qədər radikal davranıb iki bankın lisenziyasını əlindən almaq düzgün deyil. Ən azından onlara xəbərdarlıq edilməli, möhlət verilməli idi. İndi təkcə əmanətçilər yox, bank işçiləri üçün də problemlər yaranacaq. Həm də bankların inzibati yolla fəaliyyətinə son qoyulması iqtisadi məntiqlərə uyğun deyil”.
 
Ekspert  bank mühitində yaranan neqativ halların səbəbləri haqqında da danışıb: “Əsas həlledici amil faizlərin çoxluğudur. Bu da öz növbəsində idarəçiliyə mənfi təsir göstərir. Həm də audit düzgün aparılmır. Ona görə də bu cür hallar yaşanır”. 

N.Bəydəmirliyinin sözlərinə görə, məsələnin köklü həlli üçün iqtisadi siyasətdə islahatlar aparılmalıdır: 

“Ümumi iqtisadiyyat inkişaf etmədiyi müddət ərzində  heç nə tam düzəlməyəcək. Məmur sahibkarlığı, korrupsiya tamamilə aradan qalxmalıdır. Regionçuluq unudulmalıdır. İstedadlı, məsuliyyətli adamlar vəzifəyə gətirilməlidir. Banklarla bağlı ən əsas məqam isə ondan ibarətdir ki, müstəqillik olmalıdır. Bank hökumətdən asılı yox, öz fəaliyyətində tam sərbəst addım atmalıdır”.