Kənd təsərrüfatı məhsullarının qiyməti “əl yandırır” 

“Bahalaşma tendensiyası iyun ayının ortalarından etibarən ucuzlaşma ilə əvəz olunacaq”

“Kənd təsərrüfatı məhsullarının Bakıya rahat şəkildə gətirilməsinə icazə verən qanun olmalıdır”



Deyirlər, pul əl çirkidir. Amma koronavirus elə ağır nəticələrə səbəb oldu ki, daha insanların əllərində “çirk” də qalmayıb. Kənd təsərrüfatı məhsullarının qiyməti isə “əl yandırır”.  Məsələn bazarlarda xiyarın bir kilosunu 2-3, pomidorun bir kilosunu 2.5 manatdan aşağı tapmaq mümkün deyil. Qarğıdalı 1.5-2 manata alıcılara təklif olunur. Qarpızın kilosu 2.50, yemişinki isə 7 manatdır. Deməli, insanlar ya bu məhsullara sadəcə uzaqdan baxmaqla kifayətlənməli, ya da…


 “Sherg.az”saytı olaraq  bu “ya da” ilə bağlı kənd təsərrüfatı üzrə iqtisadçı- ekspert Qadir Bayramlının fikirlərini öyrəndik. O, məsələyə təsir edən məqamları sadaladı: 



“Əvvəla, onu deyim ki, qiymətlərdə qeyri-adi artım hiss etmirəm. Heç vaxt bu fəsildə kənd təsərrüfat məhsullarının qiyməti ucuz olmur. İndi də adət etdiyimizdən bir az bahadır. Bunun obyektiv səbəbləri var. Koronavirus pandemiyası bütün dünya ölkələrinin iqtisadiyyatına ağır zərbə vurdu. Şübhəsiz, həmin zərbə Azərbaycandan da yan keçmədi.

Əvvəllər minik maşınları ilə də məhsulları paytaxta gətirmək mümkün idi. İndi ancaq yük maşınları fermerlərə kömək edir. Yəni daşınmada problem var. İqlim də öz növbəsində qiymətlərin bahalaşmasına zəmin yaradır. Ancaq, məncə, bahalaşma tendensiyası iyun ayının ortalarından etibarən ucuzlaşma ilə əvəz olunacaq”.

Q.Bayramlı sözügedən problemlərin həlli yollarını da göstərib: 

“Azərbaycanda vəziyyət nisbətən yaxşıdır. Ancaq situasiyanı daha da optimallaşdırmaq üçün hökumət qəti qərarlar verməlidir. Kənd təsərrüfatı məhsullarının Bakıya rahat şəkildə gətirilməsinə icazə verən qanun olmalıdır. Hətta biz kənd təsərrüfatı məhsullarını Bakıya gətirməklə kifayətlənməməli, həm də ixrac haqqında düşünməliyik. Fermerləri də düşünmək lazımdır, alıcıları da. Əks halda “bu xəmir hələ çox su aparacaq”