“Avqustda neftin qiyməti 32,20 dollar civarında olacaq” - PROQNOZ

“Bazar iştirakçıları pandemiyadan sonra yanacağa tələbatın artacağına inanır”



Ötən gecə dünya birjalarında “Brent” markalı neftin qiyməti uzun müddətdən sonra ilk dəfə 31 dolları keçib. Neftin qiymətinin 30 dollarlıq psixoloji həddi keçməsi mühüm məqam kimi dəyərləndirilir. Ekspertlərə görə, neftə tələbin artması dünya iqtisadiyyatının yenidən dirçəlməsi cəhdləri ilə bağlıdır. 

Neftin qiyməti ilə bağlı “Sherg.az”a danışan Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib ki, mart ayının ortasından etibarən dünyada 2 milyard əhali karantin rejimində yaşayır. Ekspertin sözlərinə görə, karantin yavaş-yavaş yumşalmaya doğru getdiyinə görə, neftə tələbat çoxalır: 



“Çin normala dönmək üçün ciddi addımlar atır. Avropa Birliyi ölkələri və ABŞ iqtisadi sahələri dirçəldirlər. Lakin uzun müddətdir, bütün iqtisadi sahələr dondurulub, sənayenin işi dayandırılıb. Məsələn, İtaliyada 70, Fransada 40, İspaniyada isə 50 faiz sənaye sahələri işləmirdi. Hətta “Airbus” kimi şirkət öz fəaliyyətini 10 gün ərzində dayandırmalı oldu. Maşınqayırma sənayesi, avtomobil şirkətləri günlərlə çalışmadı. Şəhərlərarası gediş-gəliş məhdudlaşıdırıldı. Əlbəttə, belə məqamda enerjiyə tələbat ola bilməzdi.

Ona görə də, yanacaq satışı xeyli azaldı, qazın aprel qiyməti 42,5 dollara düşdü. Neftin qiyməti isə 15 dollara kimi endi. Hətta 13 dollara satıldığı gün də oldu. Lakin may ayında fərqli situasiya yarandı, iqtisadi hərəkətlilik artmağa başladı. Bu hərəkətlilik bazar iştirakçıları tərəfindən pozitiv qarşılandı, ümidlər yarandı. Xüsusən, neftin fyüçers müqavilələrində və qiymətlərdə nikbinlik baş göstərdi. Artıq “brent” markalı neftin qiymətinin iyun üzrə ilkin dəyəri də proqnozlaşdırılır.

Avqust ayında isə neftin qiymətinin 32,20 dollar civarında olacağı qeyd olunur. Bu da ona dəlalət edir ki, bazar iştirakçıları pandemiyadan sonra yanacağa tələbatın artacağına inanır. Təbii ki, yanacağa tələbat artdıqca, onun qiyməti də yüksələcək”. 

İ.Şabanın sözlərinə görə, proseslərin neft bazarına hansı yöndə təsir edəcəyini zaman göstərəcək: 

“Martın sonuncu 5 günündə və aprel ayı ərzində neftin qiyməti 15 dollara qədər endi. Bu zaman çoxlu şirkətlər ucuz neft əldə edərək ehtiyat topladılar. Bəzi şirkətlər isə möhtəkirlik məqsədi ilə xeyli neft depoladı. Ona görə də belə bir fikir formalaşıb ki, neftin qiyməti ilə bağlı məsələnin qızışdırılmasında neft tacirlərinin rolu var. Onlar çalşırlar ki, neftin qiyməti heç olmasa, 35 dollara qədər artsın ki, əllərindəki ehtiyat nefti satışa zərərlə çıxartmasınlar. Onu da vurğulayım ki, neftin qiymətinin artırılmasında OPEK+ ölkələrinin öhdəliklərinin may ayının 1-dən qüvvəyə minməsi də mühüm rol oynayır”.