Müəllim heyəti toplandı: “Yeni dərsliklər hazırlanır”

“Müəllim heyəti komanda halında yeni tədris ili üçün dərsliklər üzərində işləyir”. 
Bu barədə “Sherg.az”a təhsil eksperti, tarix müəllimi Kamran Əsədov məlumat verib. 
Ekspert bildirib ki, müəlliflər dərsliklərin hazırlanması prosesində fərdi qaydada iştirak edirlər: 

“Nəşriyyat daxilində formalaşmış müəllif qrupları özlərinə aid olan paraqrafları, mövzuları ev şəraitində işləyirlər. Karantin rejiminin uzanması və iş rejiminin aktiv olub-olmaması dərslik məsələsinə heç bir maneə yaratmır. Nəşriyyatdakı redaktorlar da onlayn qaydada müəlliflərin təqdim etdikləri dərslikləri oxuyurlar. Ona görə də hazırda yeni dərsliklərin hazırlanması prosesində problem yoxdur. Dərsliklərlə bağlı hər hansı gecikmə də olmayacaq. Sadəcə 1 aylıq zaman kifayət edir ki, dərsliklər tam hazır vəziyyətə gətirilərək tenderə göndərilsin”.
 


K.Əsədov vurğulayıb ki, bu iş üçün xüsusi rejimdə işləməyə ehtiyac yoxdur. O səbəbdən karantin rejimi müəlliflərin fəaliyyətinə mənfi təsir göstərməyib: 

“Məlumdur ki, aprelin 27-dən nəşriyyatların fəaliyyəti də bərpa olunub. Müəlliflər evdə hazırladıqları mətnləri internet vasitəsi ilə nəşriyyata göndərirlər. Nəşriyyatın məsul işçiləri və dizaynerləri müəyyən redaktə və korrektə işləri apararaq yenidən müəllifə qaytarırlar. Proses bu qaydada həyata keçirilir. Qısacası, şagirdlər yeni dərs ilində dərsliklərlə təmin ediləcək”.