“Azərbaycan beynəlxalq güc mərkəzinə çevrilir”

“Bu uğurlar ölkəmizin siyasi arealdakı liderlik mövqeyinə böyük stimul verməkdədir”




“Azərbaycan özünün yüksək reytinqi ilə nəinki regional, eyni zamanda beynəlxalq arenada söz sahibinə çevrilib və yüksək nüfuz reallığı özünü dəfələrlə sübuta yetirib”. 

Bunu “Sherg.az”a “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Prezident İlham Əliyevin təşəbbüsü “COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirilən Zirvə görüşünü şərh edərkən deyib.

Analitikin sözlərinə görə, dünyanı bürüyən koronavirus pandemiyası dövründə Prezident İlham Əliyevin təşəbbüskarlığı, eləcə də beynəlxalq aləmə göstərdiyi dəstək, həmrəylik nümunəsi bu amili kifayət qədər isbatlamaqdadır: 


“Prezident İlham Əliyevin Türk Dövlətləri Şurasının ölkə başçılarının iştirakı ilə Zirvə görüşünü keçirmək təklifi və təşəbbüsünün yüksək qiymətləndirilməsi, COVID-19-la mübarizə istiqamətində irəli sürdüyü fikirlərinin dəstəkənməsi, ölkəmizdə həyata keçirilən təxirəsalınmaz işlərin nümunə olaraq digər ölkələrdə tətbiqi belə qənaətə gəlməyə zəmin yaradır ki, Qoşulmama Hərəkatının Təmas Qrupu formatında baş tutan Zirvə toplantısı da bu addımların davamıdır.

Əbəs deyil ki, ötən ilin oktyabr ayında  - Qoşulmama Hərəkatının Bakıda XVIII Zirvə görüşü keçirilərkən, 120 dövlət Azərbaycanın Hərəkata üç illik sədrliyini dəstəklədi. Cənab Prezident İlham Əliyev Zirvə toplantısında bir sıra mühüm məqamları ehtiva edən fikirlərini çatdırmaqla yanaşı, həmçinin ölkəmizin beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacağını, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacağını xüsusilə vurğuladı. Bu bəyanat həm də dünya xalqlarına olan bir çağırışdır – humanizm, sosial xarakterli və əlbəttə ki, səmimiyyət üzərində qurulmuş həmrəylik çağırışı.

Məhz bu baxımdan qürurla deyə bilərik ki, Azərbaycanın təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının koronavirusa qarşı Təmas Qrupunun Zirvə görüşü qarşıda atılacaq növbəti uğurlu addımların anonsudur.

Ölkə başçımız prioritet məsələnin insanların sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsi fikrini vurğulamaqla beynəlxalq aləmi də həmin siyasət fonunda fəaliyyət göstərməyə səsləyib. Çox sevindiricidir ki, Hərəkata üzv olan ölkələr bu təşəbbüsə də dəstək sərgiləyərək, onu alqışlayıblar”.

B.Quliyev qeyd edib ki, Prezident İlham Əliyevin uğurlu təşəbbüsləri və bu fonda həyata keçirilən Zirvə toplantıları Azərbaycan dövlətinin beynəlxalq güc mərkəzinə, söz sahibinə çevrilməsini bir daha sübut edir: 

“Söz yox ki, bu uğurlar ölkəmizin ali nüfuzunun daha da artmasına, siyasi arealdakı liderlik mövqeyinə böyük stimul verməkdədir”.