Seçilməyən namizəd də seçicilərə xeyir verdi



Milli Məclisin deputatı, professor Jalə Əliyeva feysbukda millət vəkili seçildiyi Zərdab şəhərindəki 1 may küçəsinin əsaslı təmir olunacağını, sözügedən yolda hazırda texnikaların işlədiyini yazıb. Deputat 1 may küçəsindəki problemi ilk dəfə keçmiş opponenti, tanınmış jurnalist Jalə Mütəllimovanın gündəmə gətirdiyini vurğulayıb. Parlament üzvü bildirib ki, ötən həftənin cümə günü 1 may küçəsinin keçilməz vəziyyətdə olduğu və problemin aradan qaldırılması üçün jurnalist Jalə Mütəllimova ona müraciət edib.

Millət vəkili opponentinin müraciətindən sonra hərəkətə keçib


Deputatın sözlərinə görə, küçənin öz vəsaiti hesabına təmiri üçün 3 il əvvəl əraziyə köməkçisini və yol idarəsinin mühəndisini göndərsə də, yerli sakinlər etiraz edərək, yolun əsaslı təmir edilməsini və kanalizasiya xəttinin çəkilməsini tələb ediblər.

J.Əliyeva 2020-ci ilin Parlament seçkilərindən sonra bu məsələni rayonun yeni rəhbəri Mərdan Camalovun diqqətinə çatdırıb. Həmçinin, 1 may küçəsinin qısa zamanda təmiri üçün yol idarəsinin rəisi Elman Cavadi ilə əlaqə saxlayıb. Xülasə, müraciətlərin nəticəsində yolun tikintisi üçün əraziyə texnikalar göndərilib və hazırda orada iş gedir. Yaxın günlərdə 1 may küçəsinin asfaltlanacağı deyilir. 

Məlumat üçün bildirək ki, jurnalist Jalə Mütəllimova növbədənkənar parlament seçkilərində 92 saylı Zərdab-Ucar seçki dairəsindən namizəd olub. Yəni, indiki deputat Jalə Əliyevanın ən güclü rəqibi olub.

Jurnalist təbliğat-təşviqat dönəmində rayon sakinlərinin problemləri ilə yaxından tanış olaraq, çatışmazlıqları mütəmadi gündəmə daşıyıb. Lakin seçki marafonunun nəticələrinə görə, sözügedən dairədən Jalə Əliyeva deputat seçilib.

Jalə Mütəllimova Zərdab rayonunun deputatının işini addım-addım izləyəcək


Deputatın məlum status ilə bağlı “Şərq”ə danışan tanınmış jurnalist Jalə Mütəllimova millət vəkilinə belə bir müraciət etdiyini deyib. J.Mütəllimova seçki bitən kimi sosial şəbəkə vasitəsi ilə namizəd olduğu dairədə saxtakarlıq edildiyini və bununla bağlı hüquq çərçivəsində müraciətlər ünvanladığını bildirib. Jurnalistin sözlərinə görə, müraciətlərə baxmayaraq, Mərkəzi Seçki Komissiyası məsələni Jalə xanım Əliyevanın xeyrinə həll edib:

“Bu, mənim üçün keçmişdə qalan məsələdir. Ancaq seçicilərə o zaman söz vermişdim. Demişdim ki, seçkidə məğlub elan edilsəm də, mən Allah tərəfindən seçilmiş insanam. Qələm tutmaq və yazmaq istedadımız var. Söz vermişdim ki, bundan sonra qələm əhli olaraq yanınızda olacam. O cümlədən addım-addım sizin deputatın - Jalə Əliyevanın fəaliyyətini izləyəcəm. Verdiyim sözü tutaraq fəaliyyətimi davam etdirirəm. 1 may küçəsinin sakinləri yolların pis gündə olduğunu bildirərək məndən kömək istədilər. Müraciəti eyniylə Jalə Əliyevaya yolladım. O da söz verdi ki, problemlə maraqlanacaq və imkanlar çərçivəsində məsələ həllini tapacaq. Sakinlər isə bildirdilər ki, yol idarəsinin işçiləri gəlib baxıblar, ancaq hər hansı real işə hələki start verilməyib. Ola bilsin, sadəcə gəlib baxıblar və nə iş görəcəkləri ilə bağlı sakinlərin fikirlərini öyrəniblər. Çünki rayon yerində vəziyyət bir qədər fərqlidir, gərək həmin yerin böyüklərin, ağsaqqalların düşüncəsi də nəzərə alınsın. Ümidvaram ki, problem tezliklə müsbət həllini tapar”.


J.Mütəllimova “keçmiş opponent” ifadəsinə də münasibət bildirib:

“Parlament seçkisində Jalə Əliyevanın opponenti olmuşam. Özü də sıradan bir opponent olmamışam. Onun üçün ən böyük təhlükə yaradan rəqib idim. Situasiya nəyə imkan veribsə, ona uyğun işlərimi görmüşəm. Amma sonda Jalə xanım deputat elan olunub. Əlbəttə, burada hikkədən, forsdan söhbət gedə bilməz. Mən problemlərin həll olunması üçün deputat elan olunan Jalə Əliyevanın fəaliyyətini izləyirəm. Valideynlərim, ailə üzvlərim həmin rayonda yaşayır. Ona görə də rayondakı hansısa problem təkcə zərdablıların deyil, həm də mənim ailəmin, qohumlarımın problemidir. Millət vəkilinin özünə də dedim ki, növbəti parlament seçkisinə qədər ən önəmli işlərimdən biri Jalə Əliyevanın Zərdabdakı fəaliyyətini addım-addım izləməkdən ibarət olacaq. Seçki kampaniyası ərəfəsində millət vəkili qarşısına çıxan maneələrdən, problemlərdən dolayı insanların ona münasibətdə tamamilə sevgisizləşməsinə şəxsən şahid oldu. Yəni yaxşı mənada bir dərs aldı. Məhz bu səbəbdən artıq çox ciddi fəaliyyəti hiss olunmaqdadır. İşləməyə və sevgi qazanmağa çalışır. Mən də ona söz vermişəm ki, əgər qarşısında qaldırılan problemlər öz həllini taparsa, o, bölgədə sevgi qazanacaq, rəqibsiz opponent də olacaq. Hər halda ona bir xanım və qələm əhli olaraq sayğı duymuş olaram. Bu, sadəcə siyasət idi. Düşünürəm ki, kinə, nifrətə heç bir ehtiyac yoxdur”.