İcralar özünü doğrultmur: "Regional bələdiyyələr yaradılmalıdır"

“Rayona rəhbərlik edən şəxsi rayon əhalisi seçməlidir. Belə olarsa, onlar üzərilərində məsuliyyət hiss edərlər"




“Yerlərdə məmurlar, xüsusən də bəzi icra hakimiyyəti başçıları o qədər harınlayıblar ki, özlərini həmin ərazilərin və orada yaşayan insanların ağası kimi aparırlar”. 
Bunu “Sherg.az”a açıqlamasında politoloq Azər Rəşidoğlu deyib. 
Siyasi şərhçi bildirib ki, onlar xalq qarşısında heç bir məsuliyyət daşımırlar: 

“İcra başçıları və məmurlar onları müdafiə edən bəzi nazirlərə tapınırlar. Odur ki, harınlamış belə başçılar özlərini toxunulmaz hesab edirlər. Gec-tez onların boynunu ədalət qılıncı vurmalı idi.



Onların həbsini yerlərdə əhali alqışlarla qarşılayır. Bu, xalqın nifrətinin göstəricisidir. Lakin həbslər yalnız onlarla məhdudlaşmamalıdır. Onları himayə edən iriçaplı məmurlar da cinayət məsuliyyətinə cəlb edilməlidir”. 

A.Rəşidoğlunun sözlərinə görə, rayon icra hakimiyyətləri artıq özünü doğrultmur: 

“Bir neçə rayonun birləşdirilməsi və regional bələdiyyələrin yaradılmasına başlamağın vaxtıdır. Rayona rəhbərlik edən şəxsi rayon əhalisi seçməlidir. Belə olarsa, onlar öz seçicilərinə daha mərhəmətli yanaşar, üzərilərində məsuliyyət hiss edərlər. Xalqa hesabat verərlər”.