Alimdən MEDİAYA SƏRT SÖZLƏR: “Dil normalarına əhəmiyyət verilmir”

“Ola bilsin, bilmirlər, qeyri-peşəkardırlar. Amma “bilmirlər” deyib keçmək olmaz” 

“Mətbuat Şurasının  xətti ilə ödənişsiz təlimlər keçməyə hazıram”






 
Dünən Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib. İclasda Azərbaycan dili mövzusu ilə bağlı ictimai dinləmələr keçirilib. 


Əslində buna çoxdan ehtiyac var idi. Çünki  müxtəlif  ictimai iaşə obyektlərinin adlarında, sosial mediada, hətta bəzən qeyri-peşəkar mətbuat orqanlarında belə dil normaları kobud şəkildə pozulur. Axı dil hər bir millətin, dövlətin varlığını göstərən əsas atributlardan biridir.

Uzun illər Azərbaycana rəhbərlik etmiş Ümumilli lider Heydər Əliyev də daim ana dilinin kənar təsirlərdən qorunmasına çalışırdı. Buna rəğmən bəziləri hər fürsətdə Azərbaycan dilinin normalarını pozur. Səbəb isə müxtəlifdir: biliksizlik və ya laqeydlik. 

 Məsələ ilə bağlı “Sherg.az”a fikirlərini bildirən Filologiya elmləri doktoru, dilçi-alim Adil Babayev dil normalarını pozanları ciddi tənqid etdi: 

“Hər bir vətəndaş mütləq öz dilini sevməlidir. Böyük mütəfəkkir Firudin bəy Köçərli də deyirdi ki, başqa dildən söz gətirmək əllaməlik etməkdir. Başa düşürəm, əcnəbi dildə oxumaq, başqa dilləri öyrənmək olar. Amma bu, öz ana dilimizi unutmaq hesabına olmamalıdır”. 


 

“İki ay öz biliklərimi bütün media işçiləri ilə bölüşər və var gücümlə neqativ halların aradan qalxmasına çalışaram” 
Professor xüsusilə gənclərin türkiyə türkcəsinə çox meyl etməsindən də gileyləndi: 

“Müşahidə edirəm ki, biz son vaxtlar Türkiyə türkcəsindən çoxlu sözlər götürürük. Başım çıxmır ki, niyə açara “anahtar” deməliyik? Hər yerdə “start vermək” ifadəsini işlədirlər. Halbuki bu, idman termindir. “Güllələmək” sözü kökündən səhvdir. Güllələmək başqa mənanı ifadə edir. O, “atəş açmaq”la əvəzlənməlidir. “Dəmiryolu” əvəzinə, “rels” demək də düzgün deyil. Bu cür pozuntular çoxdur. Türklər bizim qardaşımızdır. Gərək bəzi sözləri biz onlardan götürdüyümüz kimi, onlar da azəri türkcəsindən istifadə etsinlər. Hər halda türk dilləri arasında ən təmiz və ifadəlisi azəri türkcəsidir.”
 
A.Babayev onu da bildirdi ki, media işçilərinə ödənişsiz təlim keçməyə hazırdır:

“Dediyim kimi, bəzi KİV-də heç kim dil normalarına əhəmiyyət vermir. Ola bilsin, bilmirlər, qeyri-peşəkardırlar. Amma “bilmirlər” deyib keçmək olmaz. Mən Mətbuat Şurasının  xətti ilə ödənişsiz təlimlər keçməyə hazıram. İki ay öz biliklərimi bütün media işçiləri ilə bölüşər və var gücümlə bu cür neqativ halların aradan qalxmasına çalışaram”.