Hafiz Hacıyev Vilyam Hacıyevə cəza istədi: “Ən sərt cəzalara layiq...”

“On ildir deyirəm, bu əməllərdən əl çəkin. Onlar arasında  fərq qoyulmamalı, hamısı həbs edilməlidir” 



İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyev artıq həbs edilib. Sabiq məmurun evində və iş yerində axtarış aparılan zaman külli miqdarda maliyyə vəsaitləri, xarici markalı avtomobillər aşkarlanıb.

Məlum olub ki, Vilyam Hacıyev öz vəzifəsindən, hökumətin ona göstərdiyi etimaddan sui-istifadə edərək qanunsuz əməllər törədibmiş.

Məsələ ilə bağlı “Sherg.az”a danışan  V. Hacıyevin qohumu,  Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, o, illərdir korrupsiyaya qarşı mübarizə aparır: 



“İcra başçıları öz vəzifələrindən sui-istifadə edərək cinayət törədirlər. Vilyam Hacıyev də belələrindən biridir”
“Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə mənim fəaliyyətimin ana xəttini təşkil edir. Yeganə qayəm vəzifəsindən sui-istifadə edənlərin ən sərt cəzalara layiq görülməsidir. Bəli, icra başçıları öz vəzifələrindən sui-istifadə edərək cinayət törədirlər. Vilyam Hacıyev də belələrindən biridir. On ildir deyirəm ki, bu əməllərdən əl çəkin. Onlar arasında  fərq qoyulmamalı, hamısı vəzifəsindən uzaqlaşdırılmalı, həbs edilməlidir”. 

Partiya sədri, həmçinin Prezidentin korrupsiyaya qarşı mübarizəsini dəstəklədiyini vurğuladı: 

“Dörd dəfə prezident seçkilərində namizədliyimi irəli sürmüşəm. Hər fürsətdə korrupsiyaya qarşı mübarizəni ön plana çəkmişəm. İndi dövlət başçımız vəzifəsindən sui-istifadə edənləri cəzalandırır. Bu, davamlı olmalıdır. Bütün icra başçıları eynidir. Əlbəttə, biz də bu işdə hökumətə yardım etməliyik”.