"Millət vəkilləri arasında qız qaçırmanı “adət-ənənə”yə bağlayanlar var" - Birlik sədri təəssüflənir 


 Yetkinlik yaşına çatmayan qız sığınacağa yerləşdirilib. Bu barədə hüquq müdafiəçisi, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. 

Məlumatda qeyd olunur ki, sığınacağa yerləşdirilən qız 16 yaşındadır və onun 7 aylıq hamilə olduğu ehtimal edilir. Kəmalə Ağazadə əlavə edib ki, hadisə ilə bağlı materiallar istintaqa təhvil verilib. K.Ağazadənin sözlərinə görə, qız anası ilə telefon danışığında “Mama, kuklalarımı heç kimə vermə" deyib: “Ananın günahı isə heç də az deyil...Cahillik, mental dəyər...uşaqla kuklanın fərqini belə anlamayan, "ana" olmağa hazırlığı olmayan bir qızcığazla qarşı-qarşıyayıq”.

“Təmiz Dünya” Qadınlara Yardın Birliyinin sədri Mehriban Zeynalova isə “Şərq”ə açıqlamasında problemin ciddiliyini xatırlatdı və burada qanunverici orqanda təmsil olunanları da qınayıb: 

- Təəssüf ki, millət vəkilləri arasında nikah yaşının 17-ə endirilməsinin tərəfdarı olanlar, qız qaçırmanı “adət-ənənə”yə bağlayanlar da var. Nikah yaşına çatmayanların cinsi əlaqəyə cəlb edilməsi, “qız qaçırma” adı altında zorla evləndirilməsinin qarşısının alınmaması, yeniyetmə qızlarımızın hamilə qalması... bunların hamısı qanunvericiliyə dəyişiklikləri zəruri edir. 18 yaşına çatmamış şəxslə cinsi münasibətdə olmaq cinsi zorakılıqdır. 18 yaşına çatmamış qızların “qaçırılıb” evləndirilməsi uşaq oğurluğu, insan alveridir. Amma bizim bəzi millət vəkillərinin məsələyə biganə və soyuq yanaşması, problemi ciddiyə almamaları səbəbindən qanunvericiliyə zəruri dəyişikliklərin edilməsi ləngiyir. Deyirlər, adət-ənənəmizdi. Amma Azərbaycan dövləti beynəlxalq konvensiyalara qoşulub. Səhv etmirəmsə ombudsman da təklif edib ki, 18 yaşəna çatmayanlarla cinsi münasibətdə olmaq cinsi zorakılıq hesab edilməlidir. Ona görə də konkret qərarlar qəbul olunmalı və nikah yaşına çatmayanlarla cinsi əlaqəyə görə cinayət məsuliyyəti nəzərdə tutulmalıdır.  

Konkret baş vermiş hadisə ilə bağlı isə M.Zeynalova “bu hadisə istintaq orqanları tərəfindən araşdırılmalıdır” deyib:
 
- Burada erkən nikah halı da ola bilər, zorakılıq da. Bunu artıq istintaq araşdıracaq.