“Azərbaycan unikal beynəlxalq vasitəçilik missiyasını həyata keçirir”


“Təkcə indiki mərhələdə yox, ümumiyyətlə Azərbaycan qlobal təhlükəsizliyin təmin olunması istiqamətində həmişə özünün fəallığı ilə seçilib”. 

Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib. 

Deputat vurğulayıb ki, Azərbaycan beynəlxalq təhlükəsizliyin təmin olunması platformalarında təşəbbüskar rolunda davamlı olaraq çıxış edir: 

“İndiki qlobal böhran dövründə xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycan öz fəaliyyətini iki istiqamətdə qurmağı bacardı. Çevik və diplomatik siyasətlə koronavirus pandemiyası ilə mübarizə üçün beynəlxalq platforma yaratdı. İkinci bir dövlətin adını çəkə bilmərik ki, Azərbaycan kimi beynəlxalq mübarizə platformasını formalaşdıra bilsin. Cənab Prezidentin təşəbbüsü ilə öncə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısı keçirildi. Bu toplantının təşkil olunmasında məqsəd koronavirusla mübarizədə beynəlxalq səylərin birləşdirilməsi idi. Azərbaycan beynəlxalq həmrəyliyin təmin olunması istiqamətində də təşəbbüslər irəli sürməkdədir. Bugünə kimi dəfələrlə müşahidə etmişik ki, Azərbaycan çox unikal, səmərəli beynəlxalq vasitəçilik missiyasını həyata keçirir. Təbii ki, beynəlxalq vasitəçilik missiyasını həyata keçirən zaman özünün maraqlarından da çıxış edir. Dəfələrlə Bakıda NATO, Rusiya və Amerikanın hərbi rəhbərlərinin görüşləri təşkil olunub. Obrazlı şəkildə desək, dünyanın nəbzi məhz bu dövlətlərin barmaqları altında döyünməkdədir. Göründüyü kimi, Azərbaycana böyük etimad göstərilir. İndiki böhran şəraitində Azərbaycan özünün anti-böhran strategiyasını çox qısa zamanda formalaşdırdı və tətbiq etməyə başladı. Bu da bir neçə istiqamətdə Azərbaycanın xeyrinə işləyən reallıqları ortaya qoydu”. 



“Ölkəmiz Qoşulmama Hərəkatı platformasında çox uğurlu fəaliyyət göstərir”

Parlament üzvü bəyan edib ki, Azərbaycan daxili müstəvidə böyük çevikliklə koronavirusla mübarizə istiqamətində uğurlar qazanmağa başladı: 

“Vəziyyətin nəzarət altında saxlanılmasına dünyanın çox az ölkələri nail oldu. Bunlardan biri də məhz Azərbaycan idi. Beynəlxalq müstəvidə Azərbaycan beynəlxalq güclərin potensialının səfərbər olunması istiqamətində təşəbbüslər irəli sürdü. İndiki mənzərə ondan ibarətdir ki, bu təşəbbüslərə dünya gücləri böyük məmnuniyyətlə cavab verməkdədir. Məhz bunlar Azərbaycana çox ciddi, siyasi, iqtisadi dividentlər gətirəcək. Əbəs yerə demirlər ki, hər bir böhran özündən sonra yeni şanslar ortaya çıxarır. Azərbaycan təbii ki, böhran vəziyyətində çıxmağın yollarını müəyyənləşdirməyi bacardı. Ölkəmiz vəziyyəti idarə etməyi həm özü öyrəndi, həm də öyrətdi. Düyanın ən inkişaf etmiş dövlətləri belə gözlənilməz hallar qarşısında özünün acizliyini göstərdi. Amma Azərbaycan dövləti göstərdi ki, vəziyyətə uyğun olaraq anti-böhran idarəçiliyini formalaşdırıb həyata keçirməyi bacaran bir dövlətdir. Eyni zamanda Azərbaycanın bu təcrübəsi dünya üçün də örnək oldu”. 

E.Mirbəşiroğlu vurğulayıb ki, Azərbaycan uzun müddətdən sonra Avropa regional qrupunu təmsil edən ilk dövlətdir ki, Qoşulmama Hərəkatına sədrlik edir: 

“Azərbaycan Qoşulmama Hərəkatı platformasında çox uğurlu fəaliyyət göstərir. Təbii ki, digər beynəlxalq təşkilatlarda da Azərbaycan öz maraqlarının müdafiəsini inamla gerçəkləşdirir. Amma Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanın fəaliyyətinin səmərəliyini xüsusi qeyd etmək lazımdır. Azərbaycan təşkilata üzv olduqdan 5 il sonra, yəni 2016-cı ildə növbəti Zirvə toplantısının Bakıda keçirilməsi haqda qərar qəbul olunmuşdu. 2018-ci ildə bu məsələ rəsmiləşdi və 2019-cu ilin oktyabrında 18-ci Zirvə görüşü məhz Bakıda keçirildi. Azərbaycan təşkilatla bağlı özünün prioritetlərini müəyyənləşdirdi. Bu prioritetlər ondan ibarət idi ki, dünya miqyasında Qoşulmama Hərəkatının prinsipləri təbliğ olunacaq və təşkilatın nüfuzunun artırılması istiqamətində strateji addımlar atılacaq. Beynəlxalq hüquq normaları çərçivəsində münasibətlərin tənzimlənməsi istiqamətində ciddi töhfələr veriləcək”. 

Milli Məclis üzvünün sözlərinə görə, bütün bunlar öz-özlüyündə Azərbaycanın xarici siyasət prinsipləri ilə üst-üstə düşən məqamlardır: 

“Ancaq bununla yanaşı, Azərbaycan çox səmərəli beynəlxalq səmərəçilik missiyasını reallaşdırmaq təcrübəsinə malikdir. Eyni zamanda Azərbaycan dünya dövlətləri arasında mübahisəli məsələlərin koordinasiyası ilə bağlı öz baxışlarını ortaya qoymağı bacarır. Deməli, Azərbaycan gələcəyin yeni geosiyasi pradiqmalarını formalaşdırmaqda mühüm rol oynamaqdadır. Təbii ki, Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupunun yaradılması ona dəlalət edir ki, indiki məqamda texnoloji üstünlüklər belə bütün üzvlərin əhatə olunmasına imkan vermir. Amma ən effektiv şəkildə hamını təmsil edəcək bir qrupun formalaşdırılması məsələyə çox dəqiq yanaşmanı tələb edirdi. Azərbaycan bu yanaşmanı uğurla sərgilədi və həyata keçirdi. Bundan sonra Azərbaycanın bu təcrübəsinə istinad edərək digər beynəlxalq təşkilarlar da az tərkibdə geniş əhatə dairəsi formalaşdıra biləcəklər”.