"İran bu körpüdən təxribatçılıq məqsədilə istifadə etsə, ona qarşı münasibət dəyişəcək" - Politoloq


 Xarici işlər nazirinin müavini Xələf Xələfovun İranın işğal atındakı ərazilərə körpü çəkməsiylə bağlı dünənki izahı məsələyə aydınlıq gətirmədi. Tehran deyir ki, İranla Dağlıq Qarabağ arasında körpünün tikintisinə Azərbaycan tərəfi icazə verib və bununla bağlı müvafiq saziş var.

Sual olunur: Biz belə bir körpünün tikintisinə niyə icazə vermişik? Bir tərəfdən həyəcan təbili çalırıq ki, İrandan erməni separatçılarına yük daşınır və yüklərin daşındığı körpünün şəkillərini paylaşırıq. O biri tərəfdən də öyrənirik ki, həmin körpü, sən demə, Azərbaycan hökumətinin icazəsiylə tikilib. Xələf Xələfov da körpünün tikintisinə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihələrinin həyata keçirilməsi çərçivəsində baxıldığını vurğulayır. Bu stansiyaların tikintisinin körpüyə nə dəxli var? Həmin sazişə imza atanlardan biri keçmiş iqtisadi inkişaf naziri Şahin Mustafayevdir. O, bu körpünün tikintisinə izahat verməlidir.

Bu barədə “Sherg.az” danışan politoloq Sədrəddin Soltan düşünür ki, körpü tikilişi gələcək üçün hesablanıb:

“Bu məsələ bir neçə ildir, müzakirə olunur. Hələ ki, körpüyə İran tərəfi nəzarət edir. Amma, əlbəttə, dövran dönəcək və biz işğal altında olan torpaqlarımızı geri qaytaracağıq. Körpü bizə onda lazım olacaq”.
 
S. Soltanın sözlərinə görə, İran bu körpüdən təxribatçılıq məqsədilə istifadə etdiyi halda, ona qarşı münasibət dəyişəcək:

“Körpünün bizə nələr verəcəyini və ya nələr alacağını İranın addımları həll edəcək. Əgər İran körpüdən təxribatçılıq məqsədilə istifadə etsə, təkcə Azərbaycan yox, digər dünya dövlətləri də İrana kəskin reaksiya göstərəcək. İranın bu qədər düşünülməmiş addım atacağına inanmıram”.