“Dünya bir evə də sığar” - Gənc müəllim dəyişən dünyadan danışdı


Koronavirus pandemiyası hələ ki, dünyaya meydan oxumaqda davam edir. Son bir neçə aydır ki, “New York Times”dan tutmuş “Vashinqton post”a qədər bütün qəzetlərin manşetlərində bu pandemiya ilə bağlı yazılar dərc olunur. Deyəsən, reallıqla barışmalıyıq: dünya dəyişəcək. 

 Azərbaycanda vəziyyət tədricən düzəlsə də, qayğılarımız dəyişmir-bilə-bilə əzizlərimizdən uzaq durmaq, evdən çölə çıxmamaq...
 Qlobal xarakterli infeksiya hər peşə nümayəndəsinə fərqli formada təsir etdi.

Müəllimə bir cür, jurnalistə başqa cür, valideynə də tamam ayrı şəkildə... “Sherg.az”  bu məqamlarla daha yaxından tanış olmaq üçün BDU-nun Jurnalistika fakültəsinin Multimedia və elektron kommunikasiya kafedrasının müəllimi və həm də ana Güney Fridunbəyli ilə həmsöhbət olduq:

- Pandemiya ilə bağlı fikirlər müxtəlifdir, siz bu barədə nə düşünürsünüz?

- Koronavirus çox ciddi və təhlükəli xəstəlikdir. Əgər belə olmasa birdən-birə dünyada milyonlarla insan niyə ölürdü ki? Sərhədlərin bağlanmasına da ehtiyac olmazdı. Bunlar sözügedən xəstəliyin heç də mif olmadığını göstərir. Odur ki, verilən tövsiyə və tapşırıqlara əməl etməli, özümüzə və ətrafdakılarımıza qarşı diqqətli olmalıyıq. 

 - Hökumətin gördüyü tədbirləri necə qiymətləndirirsiniz?

- Azərbaycan ilk vaxtlardan etibarən məsələyə həssaslıqla yanaşdı. Nəticədə yoluxanların və ölənlərin sayına görə Avropa ölkələrindən xeyli geridə qaldıq. Artıq karantin qaydaları da yumşaldılır. Bir neçə böyük şəhərdən, o cümlədən Bakıdan başqa respublikanın bütün ərazisinə sərbəst şəkildə gediş-gəliş təmin olunub, parklar açılıb. İndi Bakımız sakinlərinə qovuşacağı günü gözləyir. 

- Dediyiniz kimi, karantin qaydaları yumşaldılıb. Amma bundan sui-istifadə edən adamlar da var. 

 -Nə etmək olar? Onlar özlərini və yaxınlarını düşünmürlər.

-Pandemiya həyatınıza necə təsir etdi?

-Hazırda hamı eyni vəziyyətdədir. Əvvəllər bir-birlərindən fərqli həyat tərzi keçirənlər indi ortaq çətinlikləri bölüşürlər. İki aydan çoxdur ki, dərslər də dayanıb. Hər kəs kimi, mən və oğlum da tədris prosesdən uzaqlaşmalı oluşmuşuq. O, bağça da oxuyur. Eyni zamanda orta məktəbin məktəbəqədər təhsil sinifinə gedirdi. Ancaq xeyli müddətdir ki, ev şəraitində məşğul olur. Mən də dərslərimi distant formada keçirəm. 

- Distant təhsillə auditoriya mühitinin fərqləri nələrdir?

-Əlbəttə, keyfiyyət eyni olmur. Auditoriyada tələbə dərsi daha yaxşı mənimsəyə bilir. Bunun obyektiv və subyektiv səbəbləri var. Həm də internetin sürətinin arzuolunan səviyyədə olmaması hər iki tərəf üçün çətinlik yaradır. Fəqət dözməliyik. Necə deyərlər, çətin günlərin ömrü az olur. Koronavirus təhlükəsi bitəndən sonra biz yenidən əvvəlki həyat tərzimizə geri dönəcək, tələbələrlə dolu auditoriya qapılarını açıb mühazirələrimizə, seminarlarımıza
başlayacağıq.

- Bəs oğlunuza vəziyyəti necə başa saldınız?

- Əlbəttə, bu cür hadisələri kiçik yaşlılara birdən-birə demək olmaz. Bu, onların psixologoyası üçün zərbə olar. Amma bir məqam da var ki, uşaqlar, xüsusilə oğlanlar həyətdə dostları ilə oynamağı, gəzməyə getməyi çox sevirlər. Ona görə də müxtəlif kitablar və filmlər sayəsində tədricən ona koronavirus haqqında məlumat verdim. Bu, uğurlu oldu. Hərdən övladımı yoxlamaq üçün ona həyətə düşməyi təklif edirəm. Oğlum “ana, axı virus var” deyir və bu məni çox sevindirir. 

- Görünür, düzgün yol seçmisiniz ki, uşağınız belə məsuliyyət nümayiş etdirir...

-Yəqin. Dediyim kimi, maarifləndirmə yolu ilə ona vəziyyəti başa saldım. İlk vaxtlar əgər belə demək mümkünsə, bir hiylə də işlətdim. Şəffaf qabın içinə su doldurdum və sonra içinə istiot tökdüm. Oğlumun əlini suya salıb çıxardım. Barmaqlarını yapışan istiot dənələrini göstərib, onların virus olduğunu dedim. Sonra əlini yaxşıca yudum və növbəti dəfə suya saldım. Əli sürüşkən olduğuna görə, bu dəfə dənələr barmaqlarına yapışmadı. Beləliklə, oğlum tez-tez əli yumağın, şəxsi gigiyena qaydalarına əməl etməyin nə qədər vacib olduğunu başa düşdü.

-Vaxtınızı necə keçirirsiniz?

-Çox maraqlı. Hər gün müxtəlif kitablar oxuyur, intellektual oyunlar oynayırıq. Oğlum şahmatla, rəsmlə məşğul olurdu. İndi həmin məşğələlər də onlayn qaydada davam edir. Eyni zamanda yemək bişirməkdə mənə kömək edir. Nəticədə həm zövq alır, həm də yanımda olduğu üçün mən nigaran qalmır, rahat işləyə bilirəm. Onu da deyim ki, hər gün “ailə saat”ını birlikdə keçiririk. Mən, həyat yoldaşım və oğlum birlikdə film izləyirik. Təbii ki, bu film onun yaşına uyğun olmalı, ibrətamiz məzmun daşımalıdır. Düzdür, dərslərim, tələbələrim üçün çox darıxıram. Amma ailəm mənə çox əzizdir. Övladıma indi daha çox zaman ayıra bilirəm. Dünya bir evə də sığar, əgər o evdə sevgi varsa. Həmçinin tədris etdiyim fənnlərlə bağlı yeni məlumatlar əldə etdim, bir elmi məqalə yazdım. 

-Maraqlıdır, gələcəkdə bu günləri nə cür xatırlayacaqsınız?

-Şəxsi inkişafımla. Çoxdan bəri etmək istədiyim işlər var idi. Amma vaxt tapmırdım. İndi onların hamısına zaman ayıra bilirəm. Onlayn kurslara yazılmışam. Hazırda fransız dilini öyrənirəm. Dərslər olduqca maraqlı keçir. Virtual məkan insanlar arasında səmimiyyətə, mehribanlığa xələl gətirə bilməyib. Əksinə, deyəsən, dünya ölkələri bir-birlərinə daha çox yaxınlaşıb. Dünən səhər tezdən mənə xarici nömrədən zəng gəldi. Tanımasam da, cavab verdim. ABŞ-dan zəng edir, onlayn dərsə başlamağa hazır olub-olmadığımı soruşurdular (gülür). Həm də kitablar oxuyuram. Məsələn virtual mühitdə etiket qaydaları ilə bağlı maraqlı bir kitabla tanış oldum. Çox adam bu qaydaları bilmir. Xüsusilə gənclərə məsləhət görərdim ki, həmin fikirlərlə tanış olsunlar. 

-Qarşıdan yay gəlir. Belə bir şəraitdə istirahətinizi necə planlaşdırırsınız?

-Bu mövzuda araşdırma aparıram. Bu il kimlərinsə xarici ölkəyə getməyinə inanmıram. Əvəzində bir çox ölkələrdə, o cümlədən Azəərbaycanda daxili turizm inkişaf edəcək. Hətta düşərgə istirahəti geniş vüsət alacaq. 

-Valideynlərə nə demək istərdiniz?

-Dərslər bağlandığına görə indi uşaqlar bütün günü evdədirlər. Bəzən ana, atalar övladlarının sakit qalması üçün onları saatlarla televizor qarşısında otuzdurur, əllərinə telefon verirlər. Mən belə halların qəti əleyhinəyəm. Elektronika əşyaları məktəblilərə heç bir xeyir vermir. Uşaqla əyləncəli, səmərəli vaxt keçirmək lazımdır ki, darıxmasın.