Milli Məclis Aparatı rəhbərinin müavini təyin olundu

Milli Məclisdə struktur islahatları davam etdirilir.
"Sherg.az"ın məlumatına görə, struktur islahatları çərçivəsində yeni yaradılmış Aparat rəhbərinin müavini vəzifəsinə təyinat olub. Bu vəzifəyə Yaşar Allahqulu oğlu Əməşov təyin edilib.

Y. Əməşov 1976-ci ildə Cəlilabad rayonunda anadan olub. 1993–1997-ci illərdə Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsində, 2004–2008-ci illərdə Beynəlxalq hüquq fakültəsində təhsil alıb. İngilis və rus dillərini bilir. 1998–2000-ci illərdə Silahlı Qüvvələrin sıralarında zabit kimi həqiqi hərbi xidmət keçib. 2000–2004-cü illərdə Azərbaycan Respublikası Milli Məclisi Aparatının məsləhətçisi, 2004–2006-cı illərdə böyük məsləhətçisi, 2006–2007-ci illərdə baş məsləhətçisi, 2007–2008-ci illərdə sektor müdiri, 2008–2018-ci illərdə şöbə müdirinin müavini vəzifələrində işləyib. 2018–2019-cu illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin, daha sonra İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin baş məsləhətçisi olub.

Y. Əməşov 2019–2020-ci illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin Milli Məclislə əlaqələr sektorunun müdiri vəzifəsində çalışıb. İnformasiya təhlükəsizliyi sahəsində elmi-pedaqoji fəaliyyətlə məşğul olur və bu sahədə bir çox elmi məqalənin müəllifidir.

Evlidir, 3 övladı var.