Cəlaloğlu müxalifətə səsləndi: “Prezidentə dəstək olmaq lazımdır”

“Kin-küdurət kənara qoyulmalı və hamı vətənə xəyanət edənlərlə əks mövqedə olmalıdır” 



Prezident İlham Əliyev dünən modul tipli xəstəxananın açılışında iştirak edib. Ölkə başçısı açılışda nitq söyləyib. O, korrupsioner icra başçıları haqqında da danışaraq, həmin məmurları sərt cəzaların gözlədiyini deyib: “Əfsuslar olsun ki, biz bu vəziyyətdə milli xainlərin də üzünü gördük. Kasıbın malına, ərzaq payına göz dikən xaindir, bunun başqa adı yoxdur.

Bu, oğurluq deyil, bu, kiçik bir cinayət deyil. Heydər Əliyev Fondu tərəfindən göndərilən ərzaq paylarına sahib çıxmaq istəyən vəzifəli şəxslərin hərəkətinə nə demək olar? Ancaq xəyanət. Mən demişəm, bir daha demək istəyirəm ki, bir çoxları pandemiyanı müharibə adlandırırlar. Müharibə, əslində, göz qabağındadır. Bu şəraitdə belə adamlara nə ad vermək olar? Ona görə bu adamların cəzalandırılması qaçılmazdır”.



“Həmin icra başçılarının  havadarları da məsuliyyətə cəlb olunmalıdırlar”

Vəziyyəti "Sherg.az"a dəyərləndirən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu vəzifəsindən sui-istifadə edən məmurlara qarşı mübarizənin prioritet məsələ olduğunu deyib: 

“İcra başçılarının bu əməlləri vəzifə cinayətidir. Onlar vətənə xəyanət edirlər. Ona görə də bütün müxalifət nümayəndələrinə demək istəyirəm ki, prezidentə dəstək olmaq lazımdır. Bu kampaniya axıra kimi davam etdirilməlidir. Çünki hər bir məmur, o cümlədən icra başçısı vəzifəsindən sui-istifadə edir. Heç bir vəzifə sahibinə güzəşt edilməməlidir. Onlar sağlam orqanizmə düşən virus kimidirlər. Bu səbəbdən də mübarizə şərtdir”. 

“Rüşvətxor məmurlar sağlam orqanizmə düşən virus kimidirlər. Bu səbəbdən də mübarizə şərtdir”

 S.Cəlaloğlunun sözlərinə görə, həmin məmurların havadarları da məsuliyyətə cəlb olunmalıdırlar: 

“Əfsuslar olsun ki, dövlət başçısının ölkədə baş verən bütün hadisələrdən xəbəri olmur. Çünki vəzifə sahibləri öz fəaliyyətləri ilə hakimiyyətdəki idarəçiliyi pozurlar. Nəticədə dövlətlə xalq arasında ünsiyyət pisləşir, vətəndaş institutu dağılır.

Buna yol vermək olmaz. Ona görə də kin-küdurət kənara qoyulmalı və hamı vətənə xəyanət edənlərlə əks mövqedə olmalıdır”. 

Partiya sədri aparılan anti-korrupsiya siyasətində medianın rolundan da söz açdı: “Mətbuat baş verənləri olduğu kimi ictimaiyyətə çatdırmalıdır. Qoy, vətəndaş öz məmurunu tanısın”.