“İnsanları hər şeyə görə cəzalandırmaq olar, amma dilə görə yox” - Deputat


“Dilə görə insanları cəzalandırmaq olmaz”.

“Sherg.az”ın xəbərinə görə, bunu Milli Məclisin plenar iclasında millət vəkili Tahir Kərimli deyib. 

Parlament üzvü vurğulayıb ki, onda dillə bağlı qanunun işləməmə qorxusu var: 

“Əgər xatırlayırsınızsa, “Tütün məmulatları haqqında” qanun qəbul ediləndə mən bu narahatlığımı ifadə etmişdim. Bu qanunun işləməməsi qorxumu da sizinlə bölüşürəm.“Məsələn, vəzifəli şəxs gəldi AzTV-də çıxış etdi. Dövlət dilini də yaxşı bilmir. Bu halda necə olacaq, cəzalandırılacaq? Azərbaycanda dövlət və ədəbi dilə təsir edən hüquqi aktlar var. 1932-ci ildə SSRİ Elmlər Akademiyasının Qafqaz Bürosunun Azərbaycan şöbəsi Azərbaycan ədəbi dilinin müəyyən dialekt (Bakı-Şamaxı dialekti - red.) əsasında formalaşmasına qərar verdi. Beləcə 1932-ci ildən bu yana ədəbi dil dəyişmir. Mən bu dili müdafiə edirəm”. 

Deputat əlavə edib ki, Azərbaycan dilinin yazısı ilə bağlı problem yoxdur:

“Bəli, qanunlara düzəlişlər edilməlidir. "Dövlət dili haqqında" qanun 18 il əvvəl qəbul edilib. Dilə, danışığa görə cəriməni düzgün hesab etmirəm. Hamı ədəbi dildə danışa bilmir. Xahiş edirəm, bunu nəzərə alın. İnsanları hər şeyə görə cəzalandırmaq olar, amma dilə görə yox”.