“Qazaxıstanın reaksiyası adekvat olmayıb: “Balıqçılarımızla sərt davranıblar...” 

Xəbər verdiyimiz kimi, bir müddət öncə Xəzər dənizinin Azərbaycanla Qazaxıstan sərhədində insident zamanı odlu silahdan istifadə edilib. Hadisə nəticəsində bir vətəndaşımız dünyasını dəyişib, ikisi yaralanıb, digəri isə həbs olunub.
Mərhumun qardaşı Malik İbrahimov bildirib ki, sonuncu dəfə 51 yaşlı qardaşı Qəhrəman İbrahimovu evdə görüb. Ehtimala görə, balıqçı qayığının mühərrikində nasazlıq yaranıb, nəticədə dalğalar qayığı Qazaxıstan ərazisinə aparıb.

Q.İbrahimovdan başqa qayıqda Neftçala sakinləri - 44 yaşlı Elşən Əhmədov, 50 yaşlı Şakir Novruzov və 41 yaşlı Emin Nuriyev olub. 

İlkin məlumata görə, Qazaxıstan qanunlarına əsasən, balıqçılardan biri barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib, digər iki nəfər isə xəsarət aldığından xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.




“İki dövlət arasındakı razılaşmaya əsasən həmvətənlərimizə xəbərdarlıq edib, geri göndərməli idilər”

Məsələni “Sherg.az”a şərh edən politoloq İlqar Vəlizadənin fikrincə, qonşu ölkənin reaksiyası bu qədər sərt olmalı deyildi: 

“Azərbaycan balıqçılarının qanunu pozduğunu danmaq olmaz. Onlar sərhəddi keçiblər. Amma Qazaxıstan sərhədçiləri müvafiq formada xəbərdarlıq edərək həmvətənlərimizi geri göndərməli idi. Həm də ona görə ki, balıqçılarda silah olmayıb, onlar Qazaxıstan sərhədçiləri üçün heç bir təhlükə yaratmayıblar”.
 
“Həm də balıqçılarda silah olmayıb, onlar Qazaxıstan sərhədçiləri üçün heç bir təhlükə yaratmayıblar”
 Politoloqun sözlərinə görə, bu hadisə iki dövlət münasibətlərə də təsir edəcək:

“Azərbaycan Xarici İşlər Nazirliyi  bu barədə etiraz notası verib. Doğrudan da, Qazazaxıstan tərəfinin cavabı düzgün deyildi. Həm də iki dövlət arasında imzalanan razılaşmaya əsasən bu cür hallarda xəbərdarlıqlar edilməli və sərhəddi keçən şəxs öz ölkəsinə geri qaytaraılmalıdır”.