“Hələ də rüşvət alan məmurlar var” - Qanunlar sərtləşsin !

“Kasıbın malına, ərzaq payına göz dikən xaindir, bunun başqa adı yoxdur”.

Bunu Prezident İlham Əliyev modul tipli xəstəxana kompleksinin açılışında deyib.

Dövlət başçısı vurğulayıb ki, indiki şəraitdə xüsusilə kasıb adamların maaşını mənimsəmək, ictimai işlərə cəlb edilən vətəndaşların ödəniş kartlarını götürüb ondan pul çəkmək, bu da xəyanətdir:

“Əfsuslar olsun ki, biz bu vəziyyətdə milli xainlərin də üzünü gördük. Bu, oğurluq deyil, bu, kiçik bir cinayət deyil. Heydər Əliyev Fondu tərəfindən göndərilən ərzaq paylarına sahib çıxmaq istəyən vəzifəli şəxslərin hərəkətinə nə demək olar? Ancaq xəyanət. Mən demişəm, bir daha demək istəyirəm ki, bir çoxları pandemiyanı müharibə adlandırırlar. Müharibə, əslində, göz qabağındadır. Bu şəraitdə belə adamlara nə ad vermək olar? Ona görə bu adamların cəzalandırılması qaçılmazdır”. Ölkə rəhbəri vurğulayıb ki, son müddətdə həbs olunan icra başçılarının beşi də bu bəd əməllərdə təqsirləndirilir: “Son həbslər də onu göstərir. O icra başçılarının, onların yaxınlarının, köməkçilərinin iş otaqlarından yüzlərlə ödəmə kartı çıxıb, yüzlərlə. Mənə verilən məlumata görə, son tutulan icra başçısının iş otağından 140 ödəmə kartı çıxıb. Bu, nədir? Biz bu kartı özünə iş tapa bilməyənlərə veririk. Əvvəl də verirdik. Biz ildə otuz min, qırx min belə adamı ictimai işlərə cəlb edirdik. Onlar minimum əməkhaqqı səviyyəsində maaş alırdılar. Amma onlara çatacaq kartlar icra başçıları tərəfindən götürülür, sonra o pullar mənimsənilir.

Kasıb adamlar da işsiz və pulsuz qalır. Bu, adi cinayətdirmi? Yox. Bu, xəyanətdir. Bunun başqa adı yoxdur. İndiki şəraitdə də bunu davam etdirirlər”. Prezident bəyan edib ki, bu adamlarda vicdan deyilən şey yoxdur, vicdanı tam itiriblər: “Biz belə ünsürlərə qarşı bundan sonra da amansız mübarizə aparacağıq.

Bu gün cəmiyyətimizin bütün sağlam qüvvələri bir amal ətrafında birləşib ki, bu vəziyyətdən az itkilərlə çıxaq, insanları qoruyaq, xəstələri sağaldaq. Həkimləri qoruyaq ki, onlar insanları qorusunlar, özlərini qorusunlar. Ona görə belə bir vəziyyətdə belə çirkin addımların atılması tamamilə qəbuledilməzdir. Bir daha demək istəyirəm ki, bu addımları atanlar, bu cinayətləri törədənlər layiqli cəzalarını alacaqlar”.



“Ən çətin dönəmdə dövlətin sakinlərə göndərdiyi ərzaq payını mənimsəmək şərəfsizliyin pik nöqtəsidir” 
İcra başçılarının həbsi ilə bağlı “Sherg.az”a danışan Azərbaycan Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri Əhməd Şahidov deyib ki, Dövlət Təhlükəsiz Xidmətinin icra başçıları ilə bağlı keçirdiyi əməliyyatlar cəmiyyətdə ciddi rezonansa səbəb olub.
Ə.Şahidovun sözlərinə görə, 4-5 il əvvəl keçmiş xüsusi xidmət orqanlarının əməkdaşları öz mənafeləri naminə qanunsuz olaraq sahibkarları həbs edirdisə, bugün artıq DTX neqativ əməllər icra edən, korrupsiyaya qurşanan icra başçılarının, məmurların fəaliyyətini ifşa edir və onları həbs edirlər: 

“Bu əməliyyatlar cəmiyyətdə böyük rəğbətlə qarşılanır. Həm də bu proses hüquq-mühafizə orqanlarında həyata keçirilmiş islahatların mühüm nəticəsidir. Bəzi icra başçılarının həbsi gözlənilən idi. Çünki dövlət başçısı cənab İlham Əliyev artıq neçə müddətdir ki, dövlət qurumlarına, məmurlara, xüsusən icra başçılarına sərt xəbərdarlıq edirdi. Prezident ortaya şəxsi nümunə qoyaraq dəfələrlə bildirirdi ki, dövlət məmurları, icra başçıları, ümumiyyətlə bütün vəzifəli şəxslər ancaq xalqa xidmət etməli, onlarla xoş davranmalı və daim diqqət, qayğı göstərməlidirlər. Əfsuslar olsun ki, bəzi icra başçıları bu çağırışlara məhəl qoymurdular. Əlbəttə, bunun da onlar üçün acı fəsadları mütləq olmalı idi. Dövlət bütün gücünü səfərbər edərək cəmiyyətin dəstəyi ilə koronavirusa qarşı mübarizə aparır. Dövlət bütün resurslarını səfər edir ki, insanlar işsiz qalmasın, sosial müavinətlər alsınlar. Belə bir şəraitdə icra başçılarının və məmurların xüsusi karantin rejimindən sui-istifadə etmələri, dövlətin göndərdiyi yardımları mənimsəməsi ən yumşaq şəkildə biabırçılıqdır. Bu, korrupsiyanın ən iyrənc formasıdır. Ən çətin dönəmdə dövlətin sakinlərə göndərdiyi ərzaq payını mənimsəmək şərəfsizliyin pik nöqtəsidir”. 

Hüquq müdafiəçisi bildirib ki, bu cür hallara yol verənlər həbs olunmalıdır: 

“İnanıram ki, bu həbslər davam edəcək. Çünki hələ də vəzifəsinin başında olan və rüşvət almağa davam edən məmurlar var. Mən bu mövzuya əvvəlcə toxunmuşdum və hətta bir neçə icra başçısının adını çəkmişdim. Ümumiyyətlə, icra hakimiyyəti strukturunu dəyişmək müsbət nəticənin əldə olunmasına gətirib çıxartmayacaq. Burada mahiyyət, keyfiyyət dəyişməlidir. Əgər formal olaraq icra hakimiyyətləri bələdiyyələrlə əvəzlənəcəksə, bundan nəticə hasil olmayacaq. Çünki rüşvət alan, Prezidentə sadiq olmayan bir icra başçısının bələdiyyə sədri olması heç nəyi dəyişməyəcək. Onlar istənilən halda qanunsuz əməllərə yol verəcəklər. Ona görə də əsas məzmun dəyişməli və qanunlar sərtləşdirilməlidir. Düşünürəm ki, baş prokuror vəzifəsinə məhz Kamran Əliyevin təyin olunması bundan sonra ölkədə korrupsiyaya qarşı mübarizənin daha da sərtləşdirilməsinə gətirib çıxaracaq”.