Həkim: “Məsuliyyətsizlik ağır fəsadlarla nəticələnir” – Qaydalara əməl edin!” 

Dünən Prezident  İlham Əliyev modul tipli xəstəxananın açılışında iştirak edib. Dövlət başçısı nitqi zamanı bəzi vətəndaşların karantin qaydalarının yumşaldılmasından sui-istifadə etdiklərini qeyd edib: 

“Azərbaycan dövlətinin siyasəti və Operativ Qərargahın bu işlərə gündəlik rəhbərlik etməsi əsas bir məqsədi güdür ki, biz vətəndaşların həyatını, sağlamlığını qoruyaq. Eyni zamanda, bu məhdudlaşdırıcı rejim çərçivəsində insanlara maksimum imkan yaradaq ki, onlar öyrəşdiyi gündəlik həyat tərzindən çox da uzaqlaşmasınlar. Ona görə biz bu yumşaldıcı tədbirləri görmüşük. Aprelin 27-dən, sonra mayın 4-dən daha da yumşaq rejim qüvvədədir. Ancaq biz nəyi görürük?

Onu görürük ki, bəzi məsuliyyətsiz vətəndaşlar heç bir qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar, özlərini elə aparırlar ki, sanki virus artıq məhv olub. Buna qətiyyən yol vermək olmaz. Ona görə bu adamlara qarşı ciddi tədbirlər görüləcək. Hamı bunu bilsin və nəticə çıxarsın. Biz imkan verə bilmərik ki, hansısa məsuliyyətsiz vətəndaşlara görə insanların həyatı risk altına düşsün. Qətiyyən mümkün deyil”.



“İmkan verə bilmərik ki, hansısa məsuliyyətsiz vətəndaşlara görə insanların həyatı risk altına düşsün”
İnsanların bu məsuliyyətsiz davranışı ilə bağlı “Sherg.az”a danışan həkim-psixoterapevt Əli Nağıyevin fikrincə, bəzi insanlar qorxusuzluqla məsuliyyətsizliyi səhv salırlar:

“İnsanlar təhlükəni öz evlərində hiss etmədikcə arxayınlaşırlar. Azərbaycan hökumətinin məsələyə çox çevik reaksiya göstərməsi, görülən harmonik tədbirlər insanlarda rahatlıq yaradır. Bu isə öz növbəsində məsuliyyətsizliyə səbəb olur. Halbuki qorxusuzluqla məsuliyyətsizlik eyni mənanı ifadə etmir. Mən dəfələrlə demişəm ki, qorxu olmaz. Bu, həm insanın soyuqqanlı düşünməsinə mane olur, həm də immuniteti zəiflədir. Amma məsuliyyətsizlik də ağır fəsadlarla nəticələnir. İnsan nə qədər qorxusuzdursa, bir o qədər məsuliyyətli davranmalıdır”.
 
“Mən sərt qaydaların tətbiq edilməsinin tərəfdarıyam” 
Ə.Nağıyev, həmçinin vurğuladı ki, o, sərt qaydaların tətbiq edilməsinin tərəfdarıdır: 

“Dövlət başçısı da görür ki, insanlar xoşluqla qaydalara əməl etmirlər. Ona görə də artıq inzibati metodlardan istifadə edilməlidir. Sosial psixologiyanın əsas tələblərindən biri də budur-şəxsi nədənsə yayındırmaq üçün cəzalar olmalıdır. Elə fərdi psixologiyadakı davranış məşqləri də tələb edir ki, yanlış fikri insanın beynindən silib, onu doğruya öyrəşdirmək üçün qadağalar şərtdir”.