"Qəbul  imtahanlarının nəticələri bir az zəif ola bilər” – Ekspertdən iddia 

Dünən Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin (DİM) birgə brifinqi keçirilib. Brifinq zamanı DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə yeni qaydalardan danışıbO, abituriyentlərin qəbul imtahanında hər bir auditoriyada 12, maksimum 15 şəxsin olacağını deyib. 
“Hər bir imtahanda iştirak edən şəxs üçün eyni şəraiti yaratmalıyıq. Ötən il müqavilə ilə 65 mindən çox müəllimi prosesə cəlb etmişdik. Bu il yəqin ki, say daha da artacaq. Ola bilsin eyni gündə hansısa regionda IX sinif, ayrı regionda və ya Bakının hansısa rayonunda XI sinif imtahanı keçirilsin. İmtahan cədvəlləri tam şəkildə elan oluna bilməz.

Beş dəfə şənbə və bazar günü 40 mindən çox şəxs imtahan verəcək. İndiyə qədər 40 min imtahan olub, amma indi keçmiş qaydalara görə bu, 80 min insan üçün lazım olan yer deməkdir. Ona görə tək şənbə yox, həm də bazar günləri imtahan keçiriləcək. Ona görə də müəllimlər də prosesdə iştirak edəcək”, - deyə, DİM sədri vurğulayıb.



“İstənilən halda imtahan verənlər səylə çalışmalıdırlar”
DİM sədrinin açıqlaması ilə bağlı “Sherg.az”a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, imtahan iştirakçıları üçün xüsusi bir çətinlik yaranmayacaq: 

“Bütün verilən qərarlar təhlükəsizlik və sağlamlıq üçündür. Azərbaycanda 4447 orta ümumtəhsil məktəbi var. İmtahanlarda təxminən 160 min şəxs iştirak edəcək. Bu rəqəmi məktəblərin sayına bölsək, deyə bilərik ki, sıxlıq yaranmayacaq. Ölkəmizdə kifayət qədər müəllim var. Həm də imatahanlarda təkcə müəllimlər yox, eləcə də, AMEA-nın işçiləri, magistrantlar və sonuncu kurs tələbələri nəzarətçi qismində iştirak edirlər. Bu, o deməkdir ki, nəzarətçi təminatı baxımından heç bir problem yaranmayacaq. Səhiyyə işçilərinin çatışmazlığını aradan qaldırmaq üçün isə özəl sektoru da işə cəlb etmək lazımdır”. 

K.Əsədov, həmçinin vurğulayıb ki, builki imtahanlar fərqli olacaq:

“DİM-in belə hallarla bağlı kifayət qədər təcrübəsi var. Yəni ehtimal edilən fors-major halların qarşısı alınacaq. Bunun əvəzində DİM-in xərci də çoxalacaq. Onu da vurğulayım ki, imtahanlar bu il daha çox məsuliyyət tələb edəcək. Çünki bütün imtahan iştirakçlıları tibbi maskadan istifadə etməli, sosial məsafəni qorumalıdırlar. Həmçinin havalandırma sisteminin işə salınması da şərtdir. Düşünürük ki, bu il nəticələr bir az zəif ola bilər. Lakin istənilən halda imtahan verənlər səylə çalışmalıdırlar”.