Sabiq spiker icra başçılarının həbsini alqışlayır: “Korrupsiyaya bulaşanlar çoxdan saxlanılmalı idi”


“Həbslər sadəcə icra başçıları ilə yekunlaşmamalıdır. Onlardan yuxarı səviyyələrdə də korrupsiyaya qarşı əməliyyatlar aparılmalıdır”



“Rüşvətxor icra başçılarına qarşı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən həbsləri alqışlayıram”. 

Bunu “Sherg.az”a açıqlamasında Milli Məclisin sabiq sədri Yaqub Məmmədov deyib. 

Keçmiş spiker bildirib ki, qanunsuz əməllər törədən vəzifəli şəxslərin həbsi daha əvvəldən başlanmalı idi: 

“Korrupsiyaya bulaşmış rayon ica hakimiyyətlərinin başçıları və azğınlaşmış məmurlar çoxdan həbs edilməliydi. İllərdir, hamı bilirdi ki, hansı rayonun başçısı nə işlə məşğuldur. Onların qanunsuzluqları, özbaşına hərəkətləri, iş adamlarından rüşvət alması faktları çoxlarına bəlli idi. Ona görə də yerli sakinlər durmadan şikayət edirdilər. Nəhayət ki, dövlət başçısı səviyyəsində bu məsələyə qiymət verildi. Əlbəttə, bu proses hələ davam etdirilməlidir. Həbslər sadəcə icra başçıları ilə yekunlaşmamalıdır. Onlardan yuxarı səviyyələrdə də korrupsiyaya qarşı əməliyyatlar aparılmalıdır”.