“Bu qələbədə Azərbaycanın və azərbaycanlıların xüsusi rolu olub”

“Əminəm ki, tezliklə erməni faşizmi üzərində qələbəmizi də böyük təntənə ilə qeyd edəcəyik”




"Bu gün 9 May - Qələbə günüdür. Dünyada və ölkəmizdə alman faşizmi üzərində qələbənin 75 illiyi qeyd olunur".
Bunu "Sherg.az"a Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri, Birinci Qarabağ müharibəsinin döyüşçüsü Əlisahib Hüseynov deyib.
Partiya rəhbəri bildirib ki, bu qələbədə dünyanın bir sıra xalqları ilə bərabər Azərbaycanın və azərbaycanlıların da xüsusi rolu olub: 




"İkinci Dünya Müharibəsi nəticəsində 60 milyona yaxın insan həlak olub. Azərbaycanlılar da bu müharibədə ön və arxa cəbhədə böyük rəşadət göstərib. Və bu gün qeyd etdiyimiz Qələbə gününün təmin olunmasında xüsusən də Bakı nefti əvəzsiz rolu oynayıb. Təəssüf ki, itkilərimiz də az olmayıb. Müharibəyə gedən 650 min azərbaycanlıdan 420 min nəfəri döyüşlərdə qəhrəmancasına həlak olub. Bu gün biz onların qəhrəmanlığını hörmətlə anırıq. Eyni zamanda sağ qalan veteranlarımızı 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə təbrik edirik. Əminəm ki, tezliklə erməni faşizmi üzərində qələbəmizi də böyük təntənə ilə qeyd edəcəyik. Qarabağımızın işğalına son qoyacağıq. Qələbə bayramınız mübarək olsun, əziz veteranlar!".