"Hər gün səhər yuxudan durub Zukkermanla yanaşı, Bill Qeytsə də dua ediəm" - Fazil Mustafa

"Facebook əməlli-başlı əxlaq polisinin yağlı tikə əldə edə biləcəyi məkana çevrilə bilər"

"Səhər-səhər yuxudan durursan, sağ-salamat günə başladığına görə Uca Yaradana sonsuz şükranlarını bildirirsən. Sonra keçirsən Mark Zukkermanın ömrünə dua oxumağa və ardınca  girirsən artıq həyatının bir parçasına çevrilmiş facebooka".

"Sherg.az"ın xəbərinə görə, bunu millət vəkili Fazil Mustafa sosial şəbəkədə yazdığı statusunda qeyd edib.

Deputat bildirib ki, o hər səhər günə başlarkən Zukkermanla yanaşı, Bill Qeytsə də dua edir. Üstəlik Stiv Cobbsa də rəhmət oxuyur:

"Ancaq bunlardan öncə elektriki bizlərə bəxş etmiş Edisona da şükranlığımı bildirmədən işə başlamıram. Aralarında bir nəfər də müsəlman olmamasına görə bir o qədər də üzülmürəm. Çünki müsəlman kimliyi ilə özünü təqdim edən obrazlardan günaşırı aldığım təhqirlərə, təhdidlərə də şükranlıqla yanaşıram. Çünki işığın, elmin, texnologiyanın dəyərini daha dərin duyğularla anlamağa yönəlirsən. Həm də Allaha daha çox bağlanırsan ki, onun kitabından oxuduqların onların əzbərlədiyindən çox-çox fərqlidir. Saxta millətçi-vətənpərvər obrazlarının da dəyişməz qafalarından gələn "danq-danq" səslərinin simvolik işarələrini də səhifələrdən oxumadan hiss etməyə başlayırsan. Ancaq Markın Azərbaycan virtual teatrında hegemon olan şey isə yarı siyasiləşmiş, tam sosiallaşmış məzlumluq duyğusudur! Facebook əməlli-başlı əxlaq polisinin yağlı tikə əldə edəcəyi məkana çevrilə bilər. Başını gizlədib, baldırının şəklini paylaşandan, "mən bir yazıq dilənçiyəm" şərqisini oxuyanadək, "sizdə mərhəmət duyğusu yoxdurmu?" şəklində virtual ağlaşmalara qədər dəyişik versiyalar üzərində işləmək üçün xeyli imkanlar mövcuddur. Evindəkilərin, qonşudakıların, qohumların yanında hörməti olmayan, burada sayğıdəyər bir kimlikdir. Çünki o burada hamıdan vətənpərvərlik tələb edir, əxlaq tələb edir. Hökuməti söyür, parlamenti söyür, polisi söyür, məmurları söyür... Hamısının da oxşar özəllikləri budur ki, profil şəkillərində özlərini tarixi şəxsiyyətlərin şəkillərinin arxasında gizlədirlər. Yaxud da hər dəfə onların şəkillərini paylaşmaqla nə qədər sədaqətli, əqidəli kimliklər olduğunu göstərirlər. Əsgərlikdən yayınmış adamlar "Şuşanın dağlarına niyə qalxmağa qorxursunuz?" deyib üzərinə saldırmağa başlayırlar. Koronavirusun bir ayı keçməmiş "yandım, partladım, məni çölə buraxın!" deyən Məlik Məmmədin qardaşları, bacıları "Niyə Qarabağı işğaldan azad etmirsiniz!" deyib Məlik Məmmədin üstünə bağırırlar. Adam qəbrin üstünə gedir kədərlənməyə, kədərin ortasında yadına düşür ki, kədərininin selfisini çəkib paylaşmasa iş tamam olmaz. Adam süfrədə qarnını otarır, birdən xatırlayır ki, onun qarnının məziyyətləri barədə "facebook"da insanları bilgiləndirməmək günahdır. Bunlara mən "facebook yaşmaqlanması" deyərəm".

Parlament üzvünün sözlərinə görə, o, daha böyük ehtirasla bir şeylər, oxuyub, bir şeylər öyrənib, günün zənginləşmə planını gerçəkləşdirməyə çalışır: 

"Həm də gözünü məşəqqətə salıb insanların düşüncəsinə faydalı olacaq yazıları, linkləri, kitablardan iqtibasları paylaşırsan ki, sənin az da olsa bildiklərindən yararlana bilsinlər. Bir də ayılıb görürsən ki, artıq bir saat keçib, 49 dəfə "Allah rəhmət etsin" yazmısan, 98 dəfə "Təbriklər", 43 dəfə "Maşallah", 112 dəfə "Xahiş edirəm mətni oxumadan, sadəcə başlığa baxıb rəy yazmayın!" kimi ifadələri ard-arda düzmüsən. Buna "facebook" dostluğu deyil, "facebook" tostluğu deyərlər. Səfehliyə, axmağlığa tost deməsən, dərhal dostluğu itirəcəksən. Ən çox da utandığın kitab paylaşımı olur. Elə bil insanların keyfinə soğan doğrayırsan".

F.Mustafa deyib ki, sözün kəsəsi, Azərbaycanda sözün bütün mənasında Markı pərişan ediblər: 

"Marka göstərdik ki, biz qədim xalqıq, bizim yeməklərimizdən dünyanın heç bir süfrəsində yoxdur və üstəlik də İşığı sevmirik. Ancaq insafsızcasına sevmədiyimiz şeyi hamıdan çox tükədirik. Bizim sevmədiyimiz İşıq heykəllərindən biri olan Mirzə Cəlilin "Xatirələr"i də "Gözümü açandan dünyanı qaranlıq görmüşəm" cümləsi ilə başlayır. Cümlə isə bitmiş bir fikri bildirən sözə və ya söz birləşməsinə deyilir. Yəni yuxarıdakı söz birləşməsində fikir bitib. Həm də bu fikir burada, Azərbacanda bitib. Bizi öyrənmək üçün ayrıca fondlara, psixoloqlara, tədqiqat institutlarına pul xərcləməyə gərək yox. sadəcə Markın bu virtual teatrında oynadığımız rollara diqqət yetirsələr, yetərlidir məncə. Elə mən də sizcəyəm. Çünki bizim dilimizdə ayrıca Məncə yoxdur, Sizcə ilə tamamlanmış Məncə var. Başını qoparmağa müsəlmanların pul qoyduğu Salman Rüşdi tipik bir hindli haqqında "İngilis dilinə tərcümə olunmuş hindli" bənzətməsini işlədirdi. İndi ərəb dilinə, fars dilinə, rus dilinə, ingilis dilinə və nəhayət moltanı dilinə tərcümə olunmuş azərbaycanlıları orijinalına qaytarmaq üçün ilk öncə Mirzə Fətəliyə qaytarmaq lazımdır. Onun mürəkkəb qabındakı mürəkkəbi dərman olaraq içib beynimizdəki, mədəmizdəki, tariximizdəki, dinimizdəki və günümüzdəki bütün pis qoxulu bakteriyaları çölə ifraz etməliyik. Hansı yolla olur-olsun. Orijinal Azərbaycanlı olmağın başqa "türkə çarə"sini görə bilmirəm. Yenə də mətləb gəlib həmən görmədiyimiz İşığa dirənir".