“Pandemiyanın tez bitməsini istəyiriksə, qaydalara riayət etməliyik”

“Karantin rejimi yenidən sərtləşsə, bu proses uzanacaq və əziyyət çəkən də yenə həmin insanlar olacaq”



“Azərbaycan dövləti koronavirus pandemiyası ilə mübarizədə bütün mühüm tədbirləri həyata keçirib”. 
Bunu “Sherg.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.
Partiya təmsilçisi bəyan edib ki, dövlət tərəfindən hətta lazım olandan artıq proqram və planlar hazırlanaraq icra edilib: 

“Ötən gün cənab Prezident tərəfindən açılışı həyata keçirilən yeni modul tipli xəstəxana kompleksi görülən komleks işlərin tərkib hissəsidir. Səhiyyəmizin uzunmüddətli proqram üzrə inkişafı sayəsində bu sahədə maddi-texniki təchizat və çarpayı sayı baxımından heç bir problemimiz olmadı. Bütün bunlar dövlətin və ölkə rəhbərliyinin uzaqgörən siyasəti nəticəsindədir. Dövlət üzərinə düşəni artıqlaması ilə edir. Məsələnin ikinci tərəfi vətəndaşlıq mövqeyidir. İndiki məqamda ən mühüm məsələ vətəndaşlarımızın sosial məsuliyyətidir. Əfsuslar olsun ki, aprelin 27-dən başlayan yumşalmadan sonra bəzi adamlarda koronavirusun bitdiyi düşüncəsi formalaşıb. Adamlar qoruyucu və gigiyenik vasitələrdən istifadə etməməyə, sosial məsafəni gözləməməyə başlayıblar. Nəticə etibarı ilə Bakı, Gəncə, Sumqayıt və s. şəhərlərdə yoluxmanın sayı artıb və mənfi tendensiya yaranıb”. 

S.Orucova görə, əsas problem bəzi vətəndaşların diqqətsiz davranmasıdır: 

“Kütləvi yerlərə maskasız gedənlər çoxdur. Dövlət tərəfindən görülən bu qədər  ciddi işləri məsuliyyətsiz hərəkətlərlə puç etmək olmaz. Əgər pandemiyanın tezliklə bitməsini istəyiriksə, mütləq Operativ Qərargahın tövsiyyələrinə riayət etməliyik. Karantin rejimi yenidən sərtləşsə, bu proses uzanacaq və əziyyət çəkən də yenə həmin insanlar olacaq. Bir aya getdiyimiz yolu bəlkə də iki-üç aya qət etmək məcburiyyətində qalacağıq. Ona görə də hamımız ölkə rəhbərinin çağırışına qulaq verməliyik”.