"İlham Əliyevin Rusiya mətbuatına verdiyi müsahibə Yerevana mesaj idi" - Ekspert

Prezident İlham Əliyev Rusiyanın nüfuzlu "Natsionalnaya oborona" (“Milli müdafiə”) jurnalına müsahibəsində Azərbaycan Silahlı Qüvvələrinin gücündən və inkişafından danışıb. 

Dövlət başçısı vurğulayıb ki, son illərdə Azərbaycan ordu quruculuğunda böyük uğurlar qazanıb:

"Silahlı Qüvvələr ən müasir silahlar və hərbi texnika ilə təchiz edilib. Şübhəsiz, bütün bunlar son illərdə ölkənin hərbi qüdrətinin möhkəmlənməsinə gətirib çıxarıb. “Global Firepower-2019”un hesabatına görə, Azərbaycan dünyanın ən güclü ordularının reytinqində 52-ci yerdədir: “Xüsusi qeyd etmək istəyirəm ki, 2006-cı ildə bizdə Müdafiə Sənayesi Nazirliyi yaradılıb. Son illərdə 20-dən çox hərbi zavod fəaliyyətə başlayıb. Bu zavodlarda 2000-dən çox adda hərbi təyinatlı məhsullar istehsal edilir, ordumuz həmin məhsullarla təchiz olunur. Eyni zamanda, biz hərbi məhsulları ixrac edirik”.

Ölkə rəhbəri qeyd edib ki, son illərdə ən müasir texnika və silahlar alınıb: “Onların arasında yüzlərlə zirehli texnika, çoxsaylı keşikçi gəmiləri və hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, onlarla döyüş təyyarəsi, yüzdən çox döyüş, hərbi-nəqliyyat və nəqliyyat helikopterləri, ən müasir pilotsuz kəşfiyyat və döyüş uçuş aparatları, hava hücumundan, raketdən müdafiə vasitələri, ən müasir rabitə vasitələri, reaktiv yaylım atəşi sistemləri, operativ-taktiki raket kompleksləri var".

Dövlət başçısının diqqət çəkdiyi məqamları "Sherg.az"a dəyərləndirən Cənubi Qafqaz Sülh və Münaqişə İnstitunun rəhbəri Məhəmməd Əsədullazadə deyib ki, Azərbaycanın hərbi sənayesi və müdafiəsinin gücləndirilməsi istiqamətində bu illər ərzində kifayət qədər işlər görülüb.


Ekspert bildirib ki, bu gün əminliklə demək olar ki, Azərbaycan regionda ən güclü hərbi potensiala malik ölkədir: 

"Ölkəmizin silah arsenalının gücləndirilməsi və yeni silahların alınması hər keçən gün Ermənistanda təşvişlə qarşılanır. Bu silah müasir, modern növlərdir və dağıdıcı gücə malik olmaqla latel silahlar seriyasına daxildir. Məhz Prezident İlham Əliyevin Rusiya mətbuatına verdiyi müsahibədə Azərbaycanın silahlanması və bu istiqamətdə atılan addımları dəyərləndirməsi, verdiyi mesajlar əlbəttə ki,  işğalçı Ermənistanda diqqətlə izlənilir. Dövlət başçısının bu məsələnin üzərində xüsusi dayanması, silah arsenalını gücləndirilməsini qabartması Yerevana mesaj idi".

Analitik bildirub ki, bu gün Ermənistan yalnız Rusiyanın kreditlə verdiyi köhnə silahların ümidinə qalıb:

"Amma ölkəmiz dünya silah sərgilərinə öz milli silahları ilə çıxır. Bu o deməkdir ki, artıq Azərbaycan bir müddətdən sonra silah ixracatçısına çevriləcək. Hesab edirəm ki,  prezidentin verdiyi müsahibə Ermənistan üçün ciddi siqnaldır və onlar bunun nəticəsini görəcək".