Qəşəm Nəcəfzadə: "Afətin ifası Nəsiminin yanında toz kimi bir şeydir" 

Xəbər verdiyimiz kimi müğənni Afət Fərmanqızı yenidən Nəsimi yaradıcılığına üz tutub. Şairin "Dönməzəm" qəzəlini hind musiqisi ilə ifa edərək, instaqram səhifəsində paylaşıb. 

Əfsuslar olsun ki, bəziləri mahnını bəyənrək, "acığa yenidən oxudu" ifadələri ilə öz  səhifələrində yerləşdirib.   Bu məqamda sual yaranır. Yüz illərdən keçib günümüzə gələn Nəsimi yaradıcılığı niyə belə ifalarla zədələnməlidir? Yeni nəsilin nümayəndələri böyük sənətkarı ucuz, bayağı mahnılardan öyrənməyi nə qədər doğrudur?

Suallarımıza cavab axtarmaq məqsədilə  şair  Qəşəm Nəcəfzadə ilə əlaqə saxlayıb, həmsöhbət olduq. Məsələ ilə bağlı "Sherg.az"a fikirlərini bildirən şair, müğəninin əruz vəznini bilmədiyini, oyun havası kimi oxuduğunu söylədi:

"Vallah həyatı  necə tutursan elə də gedir. O qız əvvəl "Sığmazam" qəzəlini oxuyurdu toyda, indi isə "Dönməzəm"i ifa edib. Düz gəldi, gəlmədi hər şeyi  oxumaq, necə gəldi oynamaq olar. Amma elin obanın qınağı, milli-mənəvi dəyərləri var.  Öz düşüncəsidir, onunla eyni fikirdə  olan adamlar var. Bəlkə də "Bülbül"ün "Sənsiz"ini az adam  bəyənər, amma onun oxuduğunu çox insan. Bu sənət əsəri deyil. Əruz vəznini bilmir, oyun havası, heca vəzni kimi oxuyur.  Əruzdan  əsər əlamət yoxdur.  Həvəskarcasına oxuyur. Müəyyən zaman çərçivəsində, öz səviyyəsində, yüksək bədii təfəkkürü  olmayan adamlar bəyənə bilər. Amma bunun ədəbiyyata aidiyyatı  yoxdur. İstər dövlətimiz, istər bu Vətəndə yaşayan,  yüksək zövqü olan sənətkarlarımız pisləyirlər, mən də həmçinin. Tarix də pisləyəcək. Bir müddət onu oxuyar, oynayar. Maşın da bağışlaya bilərlər.  Hələ sənət əsəri demək deyil. Hamsı xırdadır, Nəsiminin yanında toz kimi bir şeydir.  O unudulacaq, çıxıb gedəcək. Amma əsl sənət əsəri qalacaq".