"Buraxılış kursunda oxuyan tələbələrə güzəştlər tətbiq edilməlidir" - Kamran Əsədov


"Son tədris ilinin tələbələrinin 80 faizi dövlət imtahanı, 20 faizi isə buraxılış işləri təqdim edirlər. Bir çox ali təhsil müəssisələrinin rəylərinə əsasən tələbələr dövlət imtahanı vermədən əvvəlki ümumi orta göstəricilərinin nəzərə alınması məqbul hesab olunur. Çünki son kurs tələbələrinin özəlliyi ondan ibarətdir ki, onlar haqqında ali təhsil müəssisələrində kifayət qədər ətraflı məlumat var. Onların 7 semestr ərzində göstərdiyi statistik nəticələr mövcuddur . Bu nəticələr tələbənin yekun qiymətləndirməsinin aparılmasina əsas verir"- Təhsil naziri Ceyhun Bayramov bu sözləri bir neçə gün əvvəl keçirilən brifinqdə deyib. 

 Nazirin bu sözlərini "Sherg.az"a təhlil edən təhsil eksperti Kamran Əsədov  yekun qərarı ali məktəblərin özlərinin verəcəyini düşünür:

"Respublikada 54 ali məktəb var. Təkcə buraxılış kurslarında təhsil alanların sayı 44 minə yaxındır. Onların hər biri üçün diplom almaqla bağlı problemləri yaşanıb. Belə ki, normal qaydada tələbələr mərhələli şəkildə təcrübə keçməli, sonra dövlət imtahanı verməli, ardınca isə diplom almalı idilər. Amma indi mövcud vəziyyətlə əlaqədar təcrübələr dayanıb, tələbələrin necə imtahan verməsi sual altındadır. Müxtəlif təkliflər irəli sürülür. Yekun qərarı isə hər ali məktəb özü vərəcək".

Ekspertin fikrincə, təkcə buraxılış kursunda təhsil alanlar yox, digər tələbələr üçün də çətinliklər yarandı:

"Elələri var idi ki, bir ali məktəbdən digərinə və ya bir ixtisasdan başqasına köçürülmüşdülər. Onlar heç distant dərslərdə də iştirak edə bilmədilər. Tələbə yoldaşlarından geri qaldılar. Növbəti bir kateqoriya isə kəsri olan tələbələrdir. Əgər həmin tələbələrə bu və ya digər formada kəsrlərini bağlamağa imkan yaranmasa, onlar natamam ali təhsilli kimi hərbi xidmətə yollanacaqlar".


 K. Əsədov, onu da bildirib ki, buraxılış kursunda oxuyan tələbələrə güzəştlər tətbiq edilməlidir:

"Verilən istənilən qərar tələbənin xeyrinə olmalıdır. Bir şərtlə ki, vəziyyət tam düzələndən sonra onlar öz ixtisasları üzrə müxtəlif təlimlərə, kurslara cəlb olunsunlar. Əks halda gələcəkdə əmək bazarında bilik və bacarıqlarını ortaya qoyanda müəyyən problemlərlə, çatışmazlıqlarla üzləşə bilərlər".