Gənc fəal:  Əvvəllər tibbi maskaların olmamasını bəhanə edirdilər, amma indi...

“Dövlət tərəfindən atılan bütün addımların, o cümlədən Operativ Qərargahın zəruri qaydalarının ilkin məqsədi əhalinin sağlamlığını qorumaqdır”. 

Bunu “Sherg.az”a açıqlamasında YAP Səbail rayon təşkilatı gənclər birliyinin sədr müavini Fuad Heydər deyib.

Gənc fəal vurğulayıb ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti və birbaşa rəhbərliyi ilə atılan addımlar nəticəsində Azərbaycan koronavirus pandemiyasının təhlükəli mərhələsini arxada qoyub: 

“Azərbaycanda koronavirus təhlükəsinə qarşı bütün addımlar vaxtında atıldı. Karantin rejimi tətbiq edildi, sərhədlər bağlandı, məktəblərin, iaşə obyektlərinin fəaliyyəti dayandırıldı və s. Bunları həyata keçirməkdə məqsəd ilk növbədə əhalinin təhlükəsizliyini təmin etmək və ən az itki ilə pandemiya vəziyyətindən çıxmaqdır. Görülən işlər, atılan önləyici addımlar müsbət nəticə verdiyi üçün aprelin 27-dən və mayın 4-dən karantin rejimi nisbətən yumşaldıldı və bəzi sahələrin fəaliyyətinə icazə verildi. Lakin bu, koronavirusa yoluxma riskinin aradan qalxması demək deyil. Əfsuslar olsun ki, bəzi məsuliyyətsiz vətəndaşlar xüsusi karantin rejiminin zəruri qaydalarına əməl etməyərək, həm özlərinin, həm də cəmiyyətin həyatını təhlükə altında qoyurlar. Bəzi adamlar sanki virus yoxmuş kimi ictimai nəqliyyatda sosial məsafəyə diqqət yetirmirlər, qoruyucu vasitələrdən istifadə etmirlər. Əvvəllər tibbi maskaların olmamasını bəhanə edirdilər. Amma indi hansı aptekə yaxınlaşsan, maska tapmaq mümkündür. Ona görə də məsuliyyətsiz davranışlara qətiyyən yol vermək olmaz. Nəzərə alaq ki, məhdudlaşdırıcı tədbirlərin hamısı insanların sağlamlığı üçündür. Hamımız dövlət başçısının çağırışına bir nəfər kimi əməl etməliyik”.