Millət vəkili: "O böyük insanın ömür yolu Azərbaycan tarixinin şərəfli bir hissəsidir" 

“Ümummilli lider Heydər Əliyev Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlər göstərib. Onun xidmətləri tarixin yaddaşına qızıl hərflərlə yazılıb” .

Bunu “Sherg.az”a millət vəkili Anar Məmmədov deyib.



Deputat bildirib ki, Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi ən böyük dühalardan biridir: 

“O, öz fəaliyyəti ilə təkcə böyük şəxsiyyət olduğunu nümayiş etdirməyib, həm də malik olduğu qətiyyət və siyasi iradə sayəsində mənsub olduğu xalqı və qurduğu dövləti dünya miqyasında tanıda bilib. Ona görə də Azərbaycan xalqı yaşadıqca onun şüurunda, təfəkküründə və yaddaşında ulu öndərin özünəməxsus yeri olacaq. Ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ən yeni tariximizdə müstəsna yer tutur. Yüksək insani keyfiyyətlərinə, mükəmməl dövləti idarəetmə bacarığına, xalqa xidmət mədəniyyətinə görə Heydər Əliyev dünyada nadir tarixi şəxsiyyətlər sırasındadır: "Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkülü üçün ümummilli lider Heydər Əliyevə minnətdarıq. Bunu demək yerinə düşər ki, hər bir vətəndaşımızın qəlbində əbədiyaşarlıq zirvəsini fəth etmiş Heydər Əliyev əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, alternativsiz dövlətçilik konsepsiyası, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində olan güclü Azərbaycanı qoydu”.

Parlament üzvünün sözlərinə görə, Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin irsi olduqca zəngindir: 

“Öz həyat və fəaliyyəti ilə ölməzlik zirvəsinə yüksələn Heydər Əliyevin keçdiyi ömür yolu bizim üçün zəngin həyat məktəbidir. Çünki o böyük insanın ömür yolu Azərbaycan tarixinin şərəfli bir hissəsidir. Biz o tarixi öyrənməli və bizdən sonra gələn nəsillərə çatdırmalıyıq. Bizdən sonra gələnlər də bilməlidirlər ki, Azərbaycanın dünyanın hegemon dövlətləri ilə bir sırada dayanması, beynəlxalq qurumlara tamhüquqlu üzv olması, haqq səsimizin beynəlxalq kürsülərdən eşidilməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin nəticəsidir. Çünki Heydər Əliyev nadir tarixi şəxsiyyətlərdəndir ki, mükəmməl dövlət quruculuğu konsepsiyasını işləyib reallaşdıra bildi. Əvvəlcə Azərbaycanı böyük bir fəlakətdən xilas etdi, sonra isə dövrün tələblərinə yüksək dərəcədə cavab verən müstəqil, demokratik dövlət quruculuğu konsepsiyasını işləyib hazırladı, Azərbaycanın dünyada layiqli yerini tutması üçün uzun illər çalışdı, müstəqil Azərbaycanın memarı və qurucusu kimi tarixdə yerini tutdu. Məhz bu səbəbdən Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bir dövr daxil oldu. Bu dövr 1969-2003-cü illəri əhatə edir. Həmin illər ölməz bir insanın Vətəninə, xalqına xidmət göstərdiyi illərdir. O illərdə tarixə yazılan hər səhifə xalqımızın həyatında yeni bir eraya çevrildi.

Dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 40 ilə yaxın bir dövr ərzindəki bənzərsiz fəaliyyəti Azərbaycanın iqtisadi, sosial və mədəni tərəqqisinə, xalqımızın firavanlığı və xoşbəxtliyi, ölkəmizin dünya birliyində özünəməxsus layiqli yer tutması uğrunda mübarizəyə həsr olunmuşdur. Ulu öndər Heydər Əliyevin yüksək peşəkarlıqla işləyib hazırladığı milli dövlətçilik strategiyasının əsas nüvəsini müstəqil Azərbaycanın iqtisadi qüdrətinin dirçəldilməsi, artırılması və möhkəmləndirilməsi təşkil edirdi. Onun ölkə iqtisadiyyatının hərtərəfli inkişafı, qloballaşan dünya iqtisadiyyatına inteqrasiyası sahəsində, həqiqətən, misilsiz fəaliyyəti nəticəsində ölkəmiz sürətli tərəqqi yoluna qədəm qoymuşdur. Tam qətiyyətlə və cəsarətlə demək olar ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin intensiv inkişaf mərhələsini və tariximizin ən şanlı dövrünü təşkil edir. Böyük idarəçilik təcrübəsinə malik ulu öndər müstəqil Azərbaycan dövlətçiliyinin milli və bəşəri normalara əsaslanan uzunmüddətli konsepsiyasını işləyib hazırlamış və onu dəqiqliklə həyata keçirmişdir. Bunun nəticəsidir ki, Azərbaycan bu gün dünyada özünəməxsus yeri olan dövlətlərdən biridir. Xalqını sonsuz məhəbbətlə sevən bu böyük insan bütün həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr edib”.

Milli Məclis üzvü bildirib ki, 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə irəli çəkilən Heydər Əliyev ilk gündən hər cür ideoloji-siyasi baryerlərə sinə gərərək xalqın milli özünüdərki üçün zəruri tədbirlər həyata keçirməyə başladı: 

“O, cəmiyyəti bütün sahələr üzrə mənəvi yüksəlişlərə ruhlandırdı, hər bir kəsdə milli heysiyyatı gücləndirmək, onu şanlı keçmişinə, soy-kökünə qaytarmaq, habelə zəngin mədəni irsini yaşatmaq naminə bir sıra tədbirlər reallaşdırdı. Bugünkü müstəqil Azərbaycan dövlətinin iqtisadi-siyasi əsaslarının, milli kadr potensialının formalaşması, respublikada strateji əhəmiyyətli sənaye və istehsal müəssisələrinin açılması da məhz ötən əsrin 70-80-ci illərinə təsadüf edir. Ümummilli lider Heydər Əliyevin qətiyyəti, iradəsi və təşəbbüskarlığı ilə keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri məhz Azərbaycanda inşa olundu, bununla da respublikamızın gələcək müstəqilliyinin iqtisadi əsası formalaşdırıldı. Böyük strateqin təkidi ilə keçmiş ittifaq rəhbərliyi respublikamızda bir sıra iri müasir maşınqayırma, kimya, neft-kimyası, elektron sənayesi, əlvan və qara metallurgiya, toxuculuq, yeyinti, emal müəssisələrinin tikintisinə razılıq verdi, paralel olaraq energetika və nəqliyyat kompleksi inkişaf etdirildi. Həmin illərdə Bakıda, Sumqayıtda, Gəncədə və digər şəhərlərdə inşa olunan iri müəssisələr bugünün özündə də iqtisadiyyatın güclü sənaye kompleksinin formalaşmasına zəmin yaradan möhkəm təməldir. Bütün bunlar bir daha təsdiqləyir ki, Heydər Əliyev o dövrün ağır şərtləri, məhdudiyyətləri çərçivəsində də xalqımızın gələcək rifahı üçün əlindən gələni əsirgəməmiş, bəzən mümkün görünməyəni reallığa çevirib”. 

Depuatın sözlərinə görə, xalqın milli özünüdərkinin oyanmasında məhz Heydər Əliyevin Azərbaycanda birinci hakimiyyəti dövründə yürütdüyü siyasət dayanırdı: 

“Sonradan bu özünüdərk dahi şəxsiyyətin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıtması və müstəqil dövlət qurmaq imkanı və bu yöndə məqsədlərin reallaşması üçün istifadə edildi. SSRİ rəhbərliyindən istefasından sonra Heydər Əliyevin Azərbaycana qayıtmasına imkan vermədilər, hətta həyatı üçün təhlükənin mövcud olduğunu belə nəzərə almadan respublika rəhbərlyi tərəfindən onun ölkədən kənarda saxlanmasına cəhdlər göstərilirdi. 1990-cı ildə ümummilli lider Azərbaycana qayıtsa da, Bakıda qalmasına imkan verilmədilər. Onun həmin vaxt mərkəzi hakimiyyətdə və respublika rəhbərliyində kifayət qədər yaxından tanıyan şəxslər tərəfindən müdafiə edilməməsi Naxçıvana getməsini şərtləndirirdi. Əslində mövcud vəziyyət Onun üçün ağrılı bir məqam idi. Parlamentdə çıxışı zamanı və digər məsələlərdə ona qarşı göstərilən ədalətsizlik onun incik düşməsinə kifayət qədər haqq qazandırırdı. Lakin Heydər Əliyev sınmadı və o vaxt doğma Naxçıvan ona dəstək və dayaq oldu”.

A.Məmmədov vurğulayıb ki, 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən İlham Əliyev Azərbaycanın daha da qüdrətli, güclü dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdirilməsinin vacibliyini bəyan etdi və bu yola sadiqliyini hər bir fəaliyyəti ilə təsdiq etdi: 

“Ötən illər ərzində görülən işlər, əldə olunan uğurlar dövlətimizin başçısı İlham Əliyevin növbəti seçkilərdə də parlaq qələbəsini təmin etdi. Hər bir vədini əməli işi ilə təsdiqləyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın hərtərəfli inkişafını həyata keçirilən siyasətin önündə saxlayır. Uğurların davamlılığını təmin etmək üçün atılan biri-birindən əhəmiyyətli addımlar da bunu hər gün təsdiq edir. Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artmaqdadır. Azərbaycan Respublikası bütün dünyada demokratik, hüquqi, dünyəvi dövlət nüfuzu qazanıb. Heydər Əliyev zəkasının məhsulu olan Əsas Qanunumuz dünyanın ən demokratik, ən mükəmməl konstitusiyalarından biridir və beynəlxalq aləmdəVətənimizə böyük rəğbət qazandırır. Yurdumuzda hökmranlıq edən sabitlik, həyata keçirilən daxili islahatlar xarici ölkələrlə əlaqələrimizin genişlənməsinə müsbət təsir göstərir.

Özünün xarici siyasətini bərabərlik və qarşılıqlı mənafe prinsipləri əsasında quran Azərbaycan Respublikası dünya dövlətləri üçün açıq ölkəyə çevrilib. Çağdaş Azərbaycan bu gün demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda uğurdan uğura qovuşur. Tarixin ən qanlı burulğanı içərisində çabaladığımız günlər arxada qalıb. Azərbaycan dövlətçiliyi məkrli düşmənlərin caynağından həmişəlik xilas edilib. Xalqımız özünün daha parlaq gələcəyinə doğru inamla irəliləyir. Bütün bunlar üçün biz ilk növbədə Ümummilli liderimiz Heydər Əliyevə borcluyuq. Heç şübhəsiz, müstəqil siyasət, güclü maliyyə imkanları və sürətli iqtisadi inkişaf Azərbaycana yeni tarixi nailiyyətlər əldə edərək öz qüdrətini daha da artırmaq imkanı verir. Ən əsası, yeni zirvələr fəth edən Azərbaycanın hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması xalq-iqtidar birliyini daha da möhkəmləndirir, vətəndaşların Prezident İlham Əliyevin ətrafında sıx birləşməsini təmin edir. Xalqımız Azərbaycanın son 17 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin fonunda böyük inkişaf yolu keçməsini, bu hərtərəfli və dinamik inkişafın bütün sahələri əhatə etməsini çox yüksək qiymətləndirir. Azərbaycan vətəndaşları ölkəmizin inkişafının, sabitliyin davam etməsini istəyir, iqtidarın həyata keçirdiyi siyasətə mütləq inam və etimadlarını ifadə edirlər".