Hər kəs dərk etməlidir: “Yeganə yol özünütəcrid və gigiyena qaydalarına əməl etməkdir”

“Vətəndaşlarımız karantin rejiminin qaydalarına riayət etməlidirlər. Əks halda, qaydaların sərtləşdirilməsi qaçılmaz olacaq”




“Prezident İlham Əliyev  modul tipli xəstəxananın açılışında bir çox məsələlərlə yanaşı, ən aktual məsələ hesab olunan koronovirus pandemiyası ilə bağlı mövcud vəziyyətə də aydınlıq gətirdi”. 

Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib. 

Deputat vurğulayıb ki, ölkəmizdə vaxtlı-vaxtında görülmüş tədbirlər nəticəsində virusun daha çox yayılmasının qarşısı alınmışdı: 

“Aparılan statistika ümid verirdi ki, tezliklə karantin rejimi başa çatacaq. Ancaq təəssüf ki, aprel ayının 27-də rejim qaydaları qismən yumşaldıldı və insanlar heç nə olmamış kimi küçələrə axışdılar. Bəzi adamlar tələb olunan qaydaların ziddinə hərəkət etdikləri üçün yoluxanların sayı artmağa başladı. Ötən gün şəxsən özüm şəhərdə və bir neçə ictimai təşkilatda rastlaşdığım insanların davranışlarını müşahidə etdiyim üçün əmin oldum ki, gecə-gündüz təbliğat aparılmalıdır. Vətəndaşlarımız məsuliyyət hissini artırmalı, karantin rejiminin qaydalarına riayət etməlidirlər. Əks halda, qaydaların sərtləşdirilməsi qaçılmaz olacaq. Hər kəs dərk etməlidir ki, normal həyata qayıtmağın yeganə yolu özünü təcrid və gigiyena qaydalarına əməl etməkdir”.