Haqlı cəza: “Bəzi məmurlar xalq yox, var-dövlət üçün çalışırlar”

“Ona görə də rüşvətxor icra başçılarının və məmurların həbsi bundan sonra da davam edəcək” 



“Proses yeni deyil, indiyədək yüzlərlə məmur vəzifədən azad olunub, bəziləri isə həbs edilib”.

Bu barədə “Sherg.az”a “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib. 

Ekspert bildirib ki, rüşvətxor icra başçılarının və məmurların həbsi bundan sonra da davam edəcək: 

“Cənab Prezident məmurlara dəfələrlə sərt xəbərdarlıqlar edib. Lakin görünür, bəzi məmurlar üçün bu xəbərdarlıqlar ciddi siqnal olmayıb. Onlar üçün əsas dövlətə, xalqa xidmət yox, var-dövlət yığmaqdır. Belələri haqlı cəzasını alırlar. Düşünürəm ki, dövlət strukturlarında islahatlar davam edəcək, optimal, effektiv, çevik dövlət aparatı formalaşacaq. Nəticədə dövlət məmurları ilə əhali arasında qarşısılıqlı etimad daha da artacaq. Əlbəttə, yerli seçkili idarəetmə orqanları daha optimal seçimdir. Dünyanın əksər ölkəsində yerli idarəetmə sistemi belədir. Bölgələrdə icra orqanı rolunda bələdiyyələr çıxış edir. Onlar da seçkili orqan olduğundan insanların istənilən vaxt etimadı doğrultmayan bələdiyyə üzvünü geri çağırmaq, təkrar seçməmək hüququ var. Ona görə də, rəhbərlər daha yaxşı işləməyə çalışırlar”.



E.Bayramlının sözlərinə görə, bələdiyyələrin fəaliyyətinə dövlətin, ictimaiyyətin və medianın nəzarəti daha çox olur: 

“Prezidentin təyin etdiyi məmur isə ümumən ərazinin idarəsinə nəzarət edir. Orada dövləti təmsil edir, lakin qərarı o vermir. Bələdiyyənin işində hər hansı bir çatışmazlıq olduqda həmin məmur yuxarı orqanları məlumatlandırır və qanun çərçivəsində tədbirlər görülür. Nəticədə həm sakinlər razı qalır, həm də dövlətin yükü azalır. Məncə, bizdə də bələdiyyələrə bu səlahiyyətin verilməsinin vaxtıdır”.