Türkiyədə Qərbi Azərbaycan Respublikası elan edilib: “Bu, təkcə suverenitet məna üçün deyil” – ŞƏRH


“İrəvan dövlətinin elan olunması, mühacir statusuyla və indiki anda elanı preventiv amillərə söykənir"


“Biz hər mərhələdə torpaq itirdikcə unutmuşuq. Onlar isə növbəti ərazilərimizə göz dikiblər. Biz hətta Qarabağda məğlub olan kimi, onlar Naxçıvana iddiaya başladılar”



Xəbər verdiyimiz kimi Türkiyədə Qərbi Azərbaycan (İrəvan) Respublikasının yaradıldığı elan olunub. Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlının sədri olduğu Təşəbbüs qrupu Bütöv Azərbaycan Ocaqlarının təşkilatçılığı ilə keçirilən video-konfransda Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası elan edib.

Qafar Çaxmaqlı bildirib ki, uzun illər Azərbaycan və Türkiyə ictimaiyyətinin gündəmində olan bu ideyanı gerçəkləşdirmək üçün qərarlı addım atılıb.

Azərbaycan ictimaiyyətində maraqla qarşılanan xəbəri "Sherg.az"a dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, siyasi şərhçi Əziz Əlibəyli bunun çox vacib, amma gecikmiş addım olduğunu deyib.

Ekspert vurğulayıb ki, Qərbi Azərbaycan torpaqlarının başına gələn bəlaların tarixi 1828-ci ildə İrəvan xanlığının Rusiya tərəfindən işğalından sonra başlayıb: 

"Yüz ilə yaxın bir müddətdə bu ərazilərə İran və Osmanlıdan erməniləri köçürüblər. Tarix ərzində ərazilər erməniləşdirilib. Nöqtə isə 1918-ci ildə AXC tərəfindən 9 min kv km. ərazinin -  İrəvanın ermənilərə verilməsi ilə qoyuldu. Sonrakı dövr ərzində Ermənistan ərazisi bizim ərazilər hesabına 29 minə çatdı və bütün bu ərazilərdən aborigen – türklər qovuldu. Üstəgəl də Dağlıq Qrabağla ətraf rayonlar işğal edildi".

Ə.Əlibəyliyə görə, bu günlərdə elan olunan Qərbi Azərbaycan Respublikası təkcə suverenitet məna üçün anons edilməyib:

"Bu addım keçmiş tarixin bərpası, xatırlanması, hazırkı nəsil fonunda aktuallaşması üçündür. Digər bir baxışla beynəlxalq hüquqa əsasən öz torpaqlarına dönüş haqqı, qan və torpaq hüququ anlayışları üzrə publik davranışdır. Ən əsası isə erməni yalanlarına qarşı böyük bir arqumentdir. Nəhayət, Dağlıq Qarabağdan başlayan cəbhəni daha dərinə uzatmaq, bütün Ermənistanı əhatə etməklə uzatmaqdır. Biz hər mərhələdə torpaq itirdikcə unutmuşuq. Onlar isə növbəti ərazilərimizə göz dikiblər. Biz hətta Qarabağda məğlub olan kimi, onlar Naxçıvana iddiaya başladılar. Ona görə İrəvan dövlətinin elan olunması, mühacir statusuyla və indiki anda elanı preventiv amillərə söykənir".