"Təhsilin brendinə çevriləcəyik" - Ekspert baş redaktor oldu

Tanınmış təhsil eksperti Kamran Əsədov yeni sayt istifadəyə verib. "Təhsil.biz" adlı sayt təhsil xəbərlərini oxuculara təqdim edəcək, bu sahədəki yeniliklərlə ictimaiyyəti məlumatlandıracaq.

Sözügedən təşəbbüslə bağlı "Sherg.az"a danışan ekspert bunun indiki dövrdə zəruri olduğunu dedi: "İndi təhsil hər kəsin içində olduğu sahəyə çevrilib. Belə ki, ölkədə hər 10 nəfərdən 2-si təhsil alır, 10 nəfərdən 1-i bu sistemdə çalışır. Konkret rəqəmlərə baxsaq, görərik ki, 4447- orta məktəbimizdə 1.6 milyon şagird, 54 ali təhsil müəssisəmizdə 175 min tələbə, 1673  baxçada 130 min uşaq, 50 orta ixtisas təhsili müəssisəsi - kollecdə və 100-dən çox peşə təhsili müəsisəsində 45 min gənc təhsilini davam etdirir. Onların təlim- tərbiyəsi və biliklərə yiyələnməsi ilə 250 min müəllim məşğul olur. Bu rəqəmlər  hər bir ailədə təhsilə bağlı olan insanların olduğunu deməyə əsas verir.  Amma onların  dünyada, və ölkəmizdə təhsil sistemində baş verən hadisələrdən xəbər tutmasında məlumatlanmasında mənbə problemi var idi. Bu çatışmazlığı aradan qaldırmağa çalışacağıq".

K. Əsədov əməkdaşlıq üçün gənclərə üstünlük verəcəyini vurğulayıb:

"17 ildir ki, təhsil sisteminin içindəyəm. Ölkəmizdə təhsillə bağlı xarici dillərdə resurs  çatışmazlığı var. Eyni zamanda təhsil uğurlarımızın xarici dillərdə dünyaya çatdırılmasında problemlər yaşanır.  Təhsil sahəsində həm metodiki, həm də xəbər saytlarına ehtiyac böyükdür. Ona görə də bu sahədə böyük təcrübəsi olan pedaqoq, müəllim və jurnalistləri işə cəlb etdik.  Dediyim amilləri nəzərə alaraq təhsil alanlar, təhsil verənlər üçün vahid bir platforma yaratdım. Bundan sonra hər kəs təhsildəki yeniliklərlə operativ surətdə tanış ola biləcək.
Sayta mən rəhbərlik edirəm. Fəqan Əzimov isə redaktordur. Bundan başqa, gənc, tələbə jurnalistləri də dəvət etdik. İnanıram ki, yaxın zamanda təhsilin brendinə çevriləcəyik. Çünki təhsil bizim işimizdir".