Ermənistan və havadarlarına ciddi mesaj: “Münaqişə artıq müharibə fazasına keçməkdədir” – Sensasiya

“Prezidentin ordunun gücü haqqında ətraflı məlumat verməsi buna dəlalət edir. Münaqişə ölü nöqtədən tərpənmirsə, müharibə qaçılmaz olacaq"


Prezident İlham Əliyev Rusiyanın nüfuzlu "Natsionalnaya oborona" (“Milli müdafiə”) jurnalına müsahibəsində Azərbaycan Silahlı Qüvvələrinin gücündən və inkişafından danışıb. 
Dövlət başçısı vurğulayıb ki, son illərdə Azərbaycan ordu quruculuğunda böyük uğurlar qazanıb: "Silahlı Qüvvələr ən müasir silahlar və hərbi texnika ilə təchiz edilib. Şübhəsiz, bütün bunlar son illərdə ölkənin hərbi qüdrətinin möhkəmlənməsinə gətirib çıxarıb. “Global Firepower-2019”un hesabatına görə, Azərbaycan dünyanın ən güclü ordularının reytinqində 52-ci yerdədir:

“Xüsusi qeyd etmək istəyirəm ki, 2006-cı ildə bizdə Müdafiə Sənayesi Nazirliyi yaradılıb. Son illərdə 20-dən çox hərbi zavod fəaliyyətə başlayıb. Bu zavodlarda 2000-dən çox adda hərbi təyinatlı məhsullar istehsal edilir, ordumuz həmin məhsullarla təchiz olunur. Eyni zamanda, biz hərbi məhsulları ixrac edirik”.

Ölkə rəhbəri qeyd edib ki, son illərdə ən müasir texnika və silahlar alınıb: “Onların arasında yüzlərlə zirehli texnika, çoxsaylı keşikçi gəmiləri və hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, onlarla döyüş təyyarəsi, yüzdən çox döyüş, hərbi-nəqliyyat və nəqliyyat helikopterləri, ən müasir pilotsuz kəşfiyyat və döyüş uçuş aparatları, hava hücumundan, raketdən müdafiə vasitələri, ən müasir rabitə vasitələri, reaktiv yaylım atəşi sistemləri, operativ-taktiki raket kompleksləri var".



Dövlət başçısının diqqət çəkdiyi məsələni "Sherg.az"a dəyərləndirən BAXCP sədrinin müşaviri Azər Qasımov deyib ki, Prezidentin məhz rus mediasına müsahibəsində müharibə ritorikasına vurğu edərək Azərbaycan ordusunun gücündən xüsusi danışması həm ermənilərə, həm də onların havadarlarına ciddi mesajdır: 

"İşğalçı tərəf artıq heç bir beynəlxalq ictimaiyyət, qanun hesaba almır. Sülh danışıqlarını işğal faktını saxlamaq üçün bir vasitə hesab edir. Ermənistan hakimiyyətinin qeyri-konstruktiv fəaliyyəti münaqişəni müharibə yolu ilə həlli istiqamətinə sürükləyir. Hesab edirəm ki, münaqişə artıq müharibə fazasına keçməkdədir. Prezidentin ordunun gücü haqqında ətraflı məlumat verməsi buna dəlalət edir. Əgər münaqişə ölü nöqtədən tərpənmirsə, müharibə qaçılmaz olacaq".

Siyasi şərhçi bildirib ki, erməni tərəfi xarici havadarlarına arxayındır: 

"Amma bu əslində həmin havadarların şəxsi maraqlarının qorunması üçün lazım olan problemdir. Əslində bunlar hamıya bəlli olan haldır. Biz problemi radikal şəkildə həll etməyincə, Qarabağ məsələsinin həllində irəliləyişə nail olmayacağıq. Düşmən tərəfin fikri bizə məlumdur, burada ən maraqlı tərəf bizik. Bunun üçün də proses bizim diktəmizlə inkişaf etməlidir. Artıq danışıq fazasını dayandırıb hücum mərhələsinə keçməliyik. Türkiyənin Suriyada terroristlərə qarşı tətbiq etdiyi taktikanı tətbiq etməliyik".

Analitik bəyan edib ki, beynəlxalq ictimaiyyəti  məlumatlandırıb antiterror əməliyyatı adı altında bir və ya iki rayonu azad etməliyik: 

"Sonra dinc əhalini azad edilmiş ərazilərə yerləşdirib yenidən eyni taktikanı yürütməliyik. Bu vaxt həm silah-sursat itkisini bərpa edərik, həm də itkilərimiz az olar. Eyni zamanda da erməni əhali tədricən bizim ərazilərdən geri çəkilər. Kütləvi köç yaşanmaz və bununla ikiüzlü, mənfur erməni bizim torpağımızda məskunlaşmasına baxmayaraq, dünyaya səs sala bilməz ki, türklər bizi yaşadığımız yerlərdən qovurlar. Müəyyən aralıqlarla bunu həyata keçirməliyik. Sonrasında erməni özü bizə sülh üçün yalvarmağa başlayacaq".