Xalq görür: “İcra başçılarının villaları, bahalı maşınları, sürdükləri həyat tərzi...”

“Rüşvətxor məmurlar həmin sərvətləri insanların boğazından “kəsib” əldə edirlər”

“Məsələni kordinal şəkildə həll etmək istəyiriksə, baş verənlər dövlət səviyyəsində araşdırılmalıdır”


Son zamanlar ölkə gündəmini zəbt edən mövzulardan biri də icra başçılarının qanunsuz əməlləri, üzə çıxan gizli sərvətləri və həbs olunmalarıdır. Dövlət Təhlükəsizlik Xidməti (DTX) son aylar  4 icra başçısını rüşvət və başqa ittihamlarla həbs edib.
Bu günə qədər həbs olunan və ya işdən kənarlaşdırılan məmurlar digərləri üçün dərs olmayıb. Məlumdur ki, ölkəmiz müharibə şəraitində yaşayır. Belə bir vəziyyətdə dövlətin və xalqın malını talan edən, kasıbların hüququnu tapdalayan məmurlar mütləq şəkildə cəzalandırılmalıdır.  Maraqlıdır, son zamanlarda görülən tədbirlər başqa icra başçılarının həbs dalğasını genişləndirə bilərmi?

Mövcud durumu “Sherg.az”a dəyərləndirən Qarabağ Azadlıq Təşkilatının sədri Akif  Nağı bildirib ki, ölkəmizdəki məmurların öz vəzifələrini vicdanla yerinə yetirməsi çox vacib şərtdir. 

QAT sədrinin sözlərinə görə, Azərbaycan müharibə vəziyyətindədir, torpaqlarımızın işğaldan azad olması üçün cəmiyyətdə sağlam bir mühit, insanlara qarşı ədalətli münasibət olmalıdır:

“Vəzifəyə qoyulan icra başçıları və digər məmurlar rüşvət yığıb, sərvət toplamaqla məşğuldurlarsa, deməli, həmin sərvətləri insanların boğazından “kəsib” əldə edirlər. Ona görə də bütün bunlar birbaşa Qarabağın taleyinə aid olan bir məsələdir. Ölkəmizdə belə münasibətlərin olması, məmurların vəzifələrinə vicdan və məsuliyyətlə yanaşması vacibdir. Son günlər icra başçılarının cəzalandırılması müsbət bir prosesdir. Sadəcə olaraq belə hallar kompleks şəkildə araşdırılmalıdır. Bu gün istənilən icra başçısı belə vəziyyətdədir.  Azərbaycanda əhalinin böyük əksəriyyəti belə düşünür ki, bütün icra başçıları var-dövlət içərisində “üzür”.  Bütün bunlar xalqın gözünün qarşısındadır. İcra başçılarının villaları, bahalı maşınları, sürdükləri həyat tərzini vətəndaşlar görür”. 

A.Nağı hesab edir ki, icra başçıları ilə bağlı neqativ halların qarşısını almaq üçün məsələnin kökünü tapmaq lazımdır:

“Necə etməliyik ki, icra başçıları sərvət toplaya bilməsinlər və onların bu imkanları kəsilsin? Tək icra başçılarını tutmaqla iş bitmir.  Digər icra başçıları bir az qorxacaqlar, amma daha sonra yenidən öz əməllərinə davam edəcəklər. İcra başçıları nəticə çıxarmırlar. Hesab edirəm ki, dövlət səviyyəsində məmurların sərbəst rüşvət toplama mexanizmi araşdırımalı və bu mexanizmin qarşısı alınmalıdır. Məsələni kordinal şəkildə həll etmək istəyiriksə, baş verənlər dövlət səviyyəsində araşdırılmalıdır”.