“Qərbi Azərbaycandan köçürülənlərin pasportları özlərinə qaytarılsın!” 


“Bu, təkcə adi sənədləşmə prosesi deyil, sayı yarım milyonu keçən soydaşımızdan gedir”

“Onların da qaçqın statusu beynəlxalq səviyyədə tanınmayıb”




“Qərbi Azərbaycandan deportasiya edilən soydaşlarımızın pasportları özlərinə qaytarılsın, özləri də mühacir respublikanın vətəndaşları hesab edilsin”
“Sherg.az” xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri Əziz Əlibəyli bildirib.
O deyib ki, bu günlərdə elan edilən mühacir Qərbi Azərbaycan – İrəvan  dövlətinin öz məqsədinə çatmaq üçün elementlərdən biri əhalidir, xalqdır: 

“Bu baxımdan, sonuncu deportasiya da daxil olmaqla Qərbi Azərbaycan torpaqlarından köçürülən qaçqınların pasportları özlərinə qaytarılmalıdır. Hətta məlum deyil ki, hansı məntiqə əsasən onların şəxsiyyət vəsiqələri müsadirə olunub və yerinə Azərbaycan vəsiqələri paylanılıb. Bu, təkcə adi sənədləşmə prosesi deyil, sayı yarım milyonu keçən soydaşımızdan gedir ki, onların da qaçqın statusu beynəlxalq səviyyədə tanınmayıb”.

(Qaçqınlar — irqi mənsubiyyətinə, dini etiqadına, vətəndaşlığına, müəyyən sosial qrupa mənsub olmasına və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaqdan əsaslı qorxduğu üçün vətəndaşı olduğu ölkədən kənarda qalan və həmin qorxu üzündən bu ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən və yaxud müəyyən vətəndaşlığı olmadığı halda öz daimi yaşadığı ölkəsindən kənarda qalan, həmin qorxu üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir.)

Ə. Əlibəyli daha sonra  vurğulayıb ki, bir növ bu mübarizədə özümüz öz xeyrimizə olan postulatlardan, arqumentlədən könüllü şəkildə imtina etmişik:
“Dəyərli jurnalist Günay Ardanın “Mədəniyyət Tv” də ekranlaşdırdığı "İtirilmiş cənnət" sənədli filmində İrəvanda doğulmuş Ceyran Hacırzayevanın həyat hekayəsində də görmək olar ki, bizim olan hər şeydən könüllü imtina etmişik, hələ 1923-cü ildə doğulan Ceyran xanım belə xatırlayır ki, İrəvan məhəllələrdən ibarət idi və hamısının da adı türkcə.Bulaqları, çayları, evləri hamısı türk izinin, xalqımızın tarixini özündə daşıyır. Şəhərdə yalnız bir erməni məhləsi olub, adı da “Ца́рское”, əhalisi isə Livandan, Misirdən, Türkiyədən gələn ermənilər idi. Hamısı da müsəlman bağlarında fəhləlik edirmişlər. Meyvələri vedrələrlə yığıb, satır, dolanırmışlar. Təəssüf ki, nə bu cür canlı tarixlərdən bəhrələnə bilmişik, nə də sənədlərlə düzgün davranmışıq. Onlar bizim tarixi izlərimiz, faktlarımız, kimliyimiz və haqlı olduğumuzun portretidir”.