Çağırış: “Tibbi maskalardan, əlcəklərdən istifadə edin, sosial məsafəni gözləyin!

“Başqa ölkələrlə, o cümlədən əhalisi bizimlə eyni sayda olan ölkələrlə müqayisədə Azərbaycanın vəziyyəti qat-qat yaxşıdır. Ancaq bu, o demək deyil ki, biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməliyik. Koronavirus qeyb olmayıb, koronavirus dolaşır”. Bunu Prezident İlham Əliyev mayın 12-də Sumqayıtda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında deyib. Prezident bildirib ki, peyvənd icad edilənə qədər bu problem mövcud olacaq. Ona görə vətəndaşlar da buna hazır olmalıdırlar:

“Biz üç həftənin müsbət dinamikasını nəzərə alaraq aprelin 27-dən etibarən yumşalma addımlarımızı atmağa başladıq. Çünki başa düşürük ki, bu, hər kəs üçün çox çətin dövrdür. Ancaq gördük ki, yumşalma tədbirləri artıq başlayan kimi yoluxanların sayı artmağa başladı. Nəyə görə? Çünki vətəndaşlar bir çox hallarda məsuliyyətsizlik göstərirlər, onlara tövsiyə olunan qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar, dezinfeksiya vasitələrindən istifadə etmirlər. Beləliklə, öz həyatlarını və onlarla təmasda olan yüzlərlə insanın həyatını risk altına atırlar. Ona görə mən bir daha Azərbaycan vətəndaşlarına müraciət etmək istəyirəm, bu qaydalara əməl etmək o qədər də çətin deyil. Həkimlər, mütəxəssislər deyirlər ki, indi əsas şəxsi gigiyenaya fikir vermək, dezinfeksiya vasitələrindən istifadə etmək, bir metr yarım, iki metr məsafə saxlamaq və maska taxmaq lazımdır. Çətin məsələ deyil. Ona görə bütün vətəndaşlardan bir daha xahiş edirəm ki, bu qaydalara əməl etsinlər”.

Dövlət başçısının xəbərdarlığını “Sherg.az”a şərh edən millət vəkili Eldəniz Səlimov Prezidentin fikirlərinə və çağırışına qoşulduğunu deyib: 

“Vətəndaşlarımızdan xahiş edirəm ki, Operativ Qərargahın qərarlarına, həkimlərin tövsiyələrinə, mütəxəssislərin çağırışlarına əməl etsinlər. İnadkarlıq, məsuliyyətsizlik, laqeydlik, biganəlik göstərməsinlər. Bu günə qədər səbr ediblər, dözüblər. Qalan günlərdə də, bu bəla sovuşanədək səbr etsinlər, dözsünlər. Zərurət olmadığı təqdirdə, çölə, bayıra çıxmasınlar. Çıxanda isə tibbi maskalardan, əlcəklərdən istifadə etsinlər, sosial məsafəni gözləsinlər. Yalnız bu zaman pandemiyadan xilas ola bilərik”.