“Yaşayış minimumu yenidən hesablanmalıdır” – EKSPERT 

“Yaşayış minimumunun hesablanması qaydaları köhnədir. Ona görə bizdə yaşayış minimumu aşağı rəqəmlərlə ifadə olunur”
 



Millət vəkili Vüqar Bayramov kommunal  xərclərlə bağlı maraqlı təklif səsləndirib. Deputat bildirib ki, ünvanlı dövlət sosial yardımına görə müraciət zamanı kommunal xərclərin payı ilə bağlı müəyyənləşdirilən limitlərin artırılması məqsədəuyğun olardı. 
V.Bayramovun fikrincə, bu, daha çox sayda aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımına müraciət etmək imkanı yarada bilər.

“Hazırda adambaşına düşən kommunal xərc yaşayış minimumunun 10 faizindən çox olduğu halda ailə ünvanlı sosial yardıma görə müraciət edə bilmir. Yəni ünvanlı sosial yardıma müraciət etmək üçün ailədə adambaşına düşən kommunal xərcin məbləği aylıq 19 manatdan çox olmamalıdır”.

Depuat bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kommunal xərclərin payının artırılması ilə bağlı danışıqlar aparılır:

“Dəyişikliklər qəbul olunduqdan sonra bu limit adambaşı 19 manatdan 27 manata çatdırılacaq. Bu o deməkdir ki, dörd nəfərlik ailədə kommunal xərc limiti 76 manatdan 108 manata çatdırılacaq. Müvafiq olaraq, daha çox aztəminatlı ailə üçün ünvanlı sosial yardımın müəyyənləşdirilməsinə imkan yaradacaq”.



Deputatın təklifi ilə bağlı “Sherg.az”a danışan iqtisadçi-ekspert Natiq Cəfərli bildirin ki, ölkəmizdə sosial müavinətlərin təyin olunması qaydalarında ciddi dəyişiklik edilməsinə ehtiyac yaranıb. Pandemiya dönəmində bu məsələ bir neçə dəfə kəskin şəkildə önə çıxdı. 
İqtisadçının qənaətincə, ilk növbədə yaşayış minimumunun hesablanma qaydalarında ciddi dəyişiklik edilməlidir:

“Çox təssüf ki, Azərbaycanda yaşayış minimumunun hesablanması qaydaları köhnədir. Ona görə bizdə yaşayış minimumu aşağı rəqəmlərlə ifadə olunur. Hətta qonşu ölkələrdə-Rusiyada, Qazaxstanda və Gürcüstanda fərqli yaşayış minimumunun hesablanması üçün fərqli mexanizmlər hazırlanıb. Yeni xərc istiqamətləri yaşayış minimumuna əlavə olunub. Həmçinin kalorinin hesablanması qaydası dəyişdirilib, internetdən istifadə əlavə olunub. Bizdə isə həftədə cəmi 1 saat internetdən istifadə yaşayış minimumuna əlavə edilib. Bu da çox aşağı göstəricidir. Həftədə 1 saat internetdən istifadə mümkün deyil. Kalorilərin hesablanması bizdə köhnədən qalma sistemlə aparılır. Əsasən çox ucuz məhsullar hesabına kalori norması doldurulmağa çalışılır. Bu da  düzgün yanaşma deyil. 
Dünyanın hər yerdinə əyləncə və dincəlmə xərcləri yaşayış minimumuna əlavə olunub, özünü inkişaf vəsəitləri də qeyd olunub. Yəni ölkəmizdə yaşayış minimumu yenidən hesablanmalıdır”. 

N.Cəfərli deputatın təklifinin normal olduğunu diqqətə çatdırdı:

“Təbii ki, kommunal xərclər əsasən də aztəminatlı ailələrdə kifayət qədər böyük yükə malikdir. Amma tək kommunal xərclərin artırılması yolu ilə müəyyən dərəcədə sosial müavinətlərin artırılması yollardan biridir. Düşündüyüm model ondan ibarətdir ki, yaşayış normaları elə müəyyənləşdirilməlidir ki, insan faktoru tamamilə aradan qalxsın. İnsan qərar verməməlidir ki, kiməsə sosial müavinət düşür, kiməsə yox. Burada kifayət qədər çox aydın şəkildə ifadə olunmuş normalar olmalıdır. Hətta istənilən şəxs evdən çıxmayaraq da internet üzərindən ona sosial müavinətin düşüb-düşməməsi ilə bağlı informasiya əldə etməlidir. Belə sistem qurularsa, ölkəmizdə sosial müvainətlərin hesablanması qaydası, həcmi və əlçatımlılığı artar”.