Nə maska taxan var, nə də məsafə saxlayan… - Məsuliyyətli olaq!

“Sağ qalmağımız üçün dövlətimizə kömək etməliyik”


Prezident İlham Əliyev Sumqayıtda “Gilan Tekstil Park” müəssisəsinin açılışında iştirak edib. Ölkə başçısı koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda tibbi sənayenin inkişafının aktual mövzuya çevrildiyini bildirib.
Prezident virusla bağlı vəziyyətin tam nəzarətdə saxlanıldığını qeyd edib:

“Azərbaycan ilk qabaqlayıcı addımlar atan ölkələrdəndir. Məhz bu addımlar nəticəsində biz bu günə qədər vəziyyəti tam nəzarətdə saxlayırıq və yoluxanların sayı kifayət qədər azdır”.

Təbii ki, dövlətin gördüyü işlərlə yanaşı vətəndaşların məsuliyyəti də önəmlidir. Sosial özünütəcrid virusun daha az yayılmasına və bu bəladan tez bir zamanda qurtulmağa şərait yarada bilər.



Millət vəkili Elman Məmmədov “Sherg.az”a açıqlamasında bildirib ki, dövlət başçısı hər zaman əlindən gələn bütün tədbirləri yüksək səviyyədə edib. 
Deputatın sözlərinə görə, görülən işlər Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) təsdiqini tapır, ÜST bu sahədə görülən işlərə görə Prezidentimizə təşəkkür edir:

“Qısa bir müddətdə Sumqayıtda açılış oldu, indi də daha geniş miqyaslı müəssisə istifadəyə verildi. Azərbaycan öz ehtiyacını ödəyəndən sonra məhsulları ixrac edəcək. Bu da qeyri-neft sektorunun inkişafına şərait yarada bilər. Qısa müddətdə modul tipli xəstəxananın istifadəyə verilməsi, ehtiyacı olan insanlara yardımlar və digər işlər ölkə başçısı tərəfindən yerinə yetirildi. 

Bir neçə rayonlarda oldum, insanlarda etinasızlıq, məsuliyyətsizlik və laqeydlik gördüm. Sanki heç bir şey yoxdur. Rayonlarda gedib-gələnləri müşahidə edirsən və görürsən ki, maska taxan yoxdur, məsafə saxlanılmır. Vətəndaş məsuliyyətini dərk etməlidir. Son günlər yoluxma rəqəmləri artan xətlə gedir.

Rəqəmlər aşağı düşmür, bu ondan xəbər verir ki, arxayınlığımız bizim üçün fəlakətə çevrilə bilər. Hər bir vətəndaş məsuliyyətini dərk etməlidir. Dövlət hər birimiz üçün əlindən gələni edirsə, niyə etinasızlıq edirik?

Virus hər yerdə var. Heç olmasa, Avropa dövlətlərinin vəziyyətindən ibrət götürməliyik. Dünyaya ağalıq etmək iddiasında olan ABŞ kimi nəhəng dövlətin başına gələnlərə baxmalıyıq. Qabaqlayıcı tədbirlər vasitəsilə cənab Prezidentimizin rəhbərliyi altında dövlətimiz ilkin mərhələdə virusun qarşısını alıbsa, güclü tədbilər görülürsə, bunun müqabilində öz töhfəmizi verməliyik. Sağ qalmağımız üçün dövlətimizə kömək etməliyik”.